Yaponiya İrana sanksiyaları qaldırdı

Yaponiyanın Xarici işlər naziri Fumio Kishida

-

Yanvarın 22-də Yaponiya İrana sanksiyaları qaldırıb. Ötən həftə BMT-nin nüvə agentliyi Tehranın ötən il əldə olunmuş nüvə sazişinin şərtlərinə əməl etdiyini açıqlayıb.

“Yaponiya İranla əməkdaşlığı gücləndirmək, Yaxın Şərqdə sülh və sabitliyə töhfə vermək istəyərdi”, Kabinetin Baş Katibi Yoshihide Suga Tokioda keçirilən mətbuat konfransında deyib.

Yaponiyanın sanksiyalarına İslam Respublikasında neft və qaz sektoruna investisiyanın dayandırılması daxil idi. Xarici işlər naziri Fumio Kishida jurnalistlərə deyib ki, tezliklə Tehranla yeni investisiya sazişi imzalanacaq.

Uzunmüddətli sanksiyalardan sonra qlobal şirkətlər enerjiylə zəngin İrana daxil olmağa çalışırlar. Yaponiyanın Suzuki Motor Corp. şirkəti bir gün öncə bildirib ki, İran bazarına qayıtmağı düşünür.

Yanvarın 16-da ABŞ, Avropa Birliyi və BMT İrana sanksiyaları qaldırıb.