-
Bir müddət öncə Papa Francis kompüter biliyinin bərbad olduğunu etiraf etmişdi. İndi isə bildirib ki, internet, sosial şəbəkələr və mesaj yollama Tanrının insanlara hədiyyəsidir. Bir şərtlə ki, onlardan ağıllı istifadə olunsun.
«Elektron poçtlar, mesajlar, sosial şəbəkələr və çatlar həm də ünsiyyətin tamamilə insani forması ola bilər» - Papa Roma Katolik Kilsəsinin Dünya Kommunikasiya Günü münasibətilə müraciətində bildirib.
O deyib: «Ünsiyyətin əsl və etibarlı olub-olmadığını müəyyənləşdirən texnologiya deyil, insanın qəlbi və onun sərəncamında olan vasitələrdən ağılla istifadə etmək qabiliyyətidir».
«KOMPÜTERDƏ İŞLƏMƏYİ BACARMIRAM. BİABIRÇILIQDIR»
Ötən il dünyanın müxtəlif yerlərindən olan əlil uşaqlarla «Google Hangout» proqramı vasitəsilə onlayn görüşdə İspaniyadan Alicia adlı bir qızcığaz Papadan şəkil çəkdirib sosial şəbəkələrə yerləşdirməyi xoşlayıb-xoşlamadığını soruşmuşdu. 79 yaşlı Francis isə cavabında belə söyləmişdi:
«Sizə düzünü deməliyəm. Mənim texnologiya biliyim fəlakətdir. Mən kompüterdə işləməyi bacarmıram. Biabırçılıqdır, elə deyilmi?».
Katoliklərin ali dini lideri həmçinin bildirib ki, ailə üzvləri birlikdə nahar edərkən mobil telefonlardan istifadə etməməlidirlər. Uşaqların otaqlarına isə kompüter qoyulmamalıdır.
İlahi qismətdənmi, ya sadəcə təsadüfdənmi, Papanın bu müraciəti onun məhz bu cür texnologiya məhsulları istehsal edən «Apple»in rəhbəri Tim Cook-la görüşü ilə eyni zamanda yayılıb.
«HƏRDƏN MOBİLLƏRİ SÖNDÜRÜN...»
Budəfəki müraciətində Francis müasir texnologiyaya münasibətdə əvvəlki illərdən daha liberal münasibət sərgiləyib. O deyib ki, internetdən istifadə etməklə sağlam və paylaşıma açıq bir cəmiyyət qurmaq olar.
«Sosial şəbəkələr əlaqəni asanlaşdıra və cəmiyyətin müsbət keyfiyyətlərini yaymağa kömək edə bilər. Ancaq onlar həm də fərdlər və qruplar arasında qütbləşmənin və ayrıseçkiliyin daha da artmasına gətirib çıxara bilər», -- deyə Papa əlavə edib.
Onun sözlərinə görə, müasir kommunikasiya vasitələri Tanrının böyük məsuliyyətlə yanaşmalı olduğumuz hədiyyəsidir.
Papa ötən il də internetin Allahın insanları birləşdirən bir lütfü olduğunu söyləmişdi. Amma eyni zamanda ailələri mobil telefonlarını söndürərək bir-biriləri ilə daha çox söhbət etməyə çağırmışdı.