Xarici şirkətlər Azərbaycandan qaçır

Foto illüstrasiya

-

«Bizim Yol» yazır ki, təkcə son bir həftədə üç xarici şirkət fəaliyyətini dayandırdığını elan edib. Bunlardan biri Fransanın «Technip Maritime Overseas LTD» şirkətidir, Azərbaycandakı nümayəndəliyini ləğv edib. Bundan başqa, İtaliya şirkəti «Maccaferri Azerbaijan» MMC və «Anel Telekomunikasyon Elektronik Sistemləri Sanayi ve Ticaret Anonim Şirketi»nin Azərbaycandakı filialı da ləğv olunub.

«Bizim Yol» qeyd edir ki, ötən il bir sıra nüfuzlu şirkətlər də Azərbaycandan gedib:

«Keçən ilin dekabrında Fransanın «Geoservices S.A.» şirkətinin ölkəmizdəki nümayəndəliyi fəaliyyətini dayandırıb. Mərkəzi ofisi Parisdə yerləşən müəssisə «Schlumberger Ltd.»nin törəmə şirkətidir. Britaniyanın «Amec Process&Energy Limited» şirkətinin Bakıdakı nümayəndəliyi də bağlanıb. Hər ikisi enerjidaşıyıcıların hasilatı, geoloji-kəşfiyyat, injinirinq və servis sahələrində fəaliyyət göstərirlər. «Austrian Airlines» şirkəti Azərbaycana olan bütün uçuşları ləğv etdiyini bildirib, şirkətdən Bakı ofisini bağlamağı uçuşların rentabelli olmaması ilə izah ediblər. Almaniyanın «DEA Deutsche Erdoel AG» şirkətinin Azərbaycandakı filialı da bağlandığını elan etmişdi... Səbəb kimi bürokratik əngəllər və korrupsiya amillərinin mövcudluğu göstərilib».

Qəzet yazır ki, ölkəni tərk edən təşkilatlardan biri də İtaliyanın «Todini» şirkətidir: «Şirkətdə 600 nəfər çalışırdı. Onun da 480 nəfəri Salyan sakini olub. «Todini» rəsmisi şirkətin Azərbaycandan köçməsinin səbəbini sifarişçi «Azəryolservis» ASC ilə aralarında yaranmış problemlərlə izah edib. Bildirib ki, iş prosesində sifarişçi qurum tikilən körpülərin yükgötürmə gücünü artırmaq üçün xarici şirkətə layihədə nəzərdə tutulmayan əlavə işlər gördürüb».

AKTYOR İNTİHAR ETMƏK İSTƏYİB

Mingəçevir Dövlət Dram Teatrının aktyoru Asim Məmmədov intihar etmək istəsə də, onu xilas etmək mümkün olub. Xilas olan aktyor olke.az-a açıqlamasında bu addımı 15 min dollar borcu olduğu üçün atdığını dilə gətirib:

«Bu məsələnin teatra heç bir aidiyyəti yoxdur. Tanış adamlara sələmçilərdən pul götürüb vermişəm. Ümumi məbləğ 15 min dollardır. İndi də ortada qalan mənəm... Sələmçilər də məndən əl çəkmirlər. Deyirlər ki, ya evini girov götürəcəyik, ya məhkəməyə verib tutduracağıq. Pulu götürüb verdiyim adamlar da demirlər ki, vermirik. Sadəcə, imkanları yoxdur... Əməkhaqqım 170 manatdır. O pulla da borc vermək alınmır. Pulu götürəndə dilimdən «borc kağızı» almışdı, səsimi yazmışdı. Bu söhbət notariusda yox, ikimizin arasında olub. İndi də dollar qalxıb, borclular ümumiyyətlə ödəyə bilmirlər».

Mir Şahin Ağayev

MİR ŞAHİN: «MTRŞ 10 MİLYON MANATIN HESABATINI VERSİN»

«Milli Televiziya və Radio Şurası ilə ANS televiziyası arasında problem uzun müddətdir yaranıb. Bu, o vaxt olub ki, ANS milli serialların çəkilməsi üçün dövlət tərəfindən ayrılan vəsait barədə MTRŞ-ya suallar ünvanladı. Hətta məktub da göndərdik. Amma MTRŞ bundan yayındı».

Bu sözləri ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru, «Hesabat» verilişinin aparıcısı Mir Şahin Ağayev deyib. O bildirib ki, milli serialların çəkilməsi üçün dövlət tərəfindən ANS-ə 40 min manat ayrılmışdı:

«İndi isə biz Şuradan soruşuruq — büdcədən ayrılan 10 milyon manatı hara xərcləyiblər? Qoy xalqın qarşısında cavab versinlər. Bu pullar hara gedib? Onları hara xərcləyirlər? Onlar gözləyirlər ki, biz belə xoş olmayan suallar verməyək. Lakin biz bu və digər tikanlı sualları verməyə davam edəcəyik.

MTRŞ bununla bağlı göndərdiyimiz məktuba cavab vermək əvəzinə ANS-ə xəbərdarlıq və məzəmmətlər etməyə başladı. MTRŞ-nin qəbul etdiyi qərarlar adətən ANS-lə bağlı olub».

Şirkət məhkəməyə müraciət edəcəyini, Mir Şahin Ağayevin aparıcısı olduğu «Hesabat» verilişinin bağlanması qərarına qarşı mübarizə aparacaqlarını bildirir.

AZƏRBAYCANI YENİDƏN QURMAQ PLANI…

«Yeni Müsavat» hökumətdəki mənbələrə istinadla yazır ki, manatın ikinci devalvasiyasından sonra hakimiyyət vəziyyətdən çıxış yolu tapmaq üçün üç ölkədən Bakıya ekspert-məsləhətçi qrup çağırıb. Bu ölkələr - iqtisadi sıçrayış etmiş Sinqapur, Latviya və Polşadır. İddialara görə, onlar 10-15 gün ərzində ölkənin iqtisadi və biznes göstəricilərini təhlil edərək, rəhbərliyə müvafiq tövsiyələr veriblər.

Çatan bilgilərə görə, Sinqapurlu ekspertlər bir neçə amili sadalamaqla (onların arasında korrupsiyanın yüksək səviyyəsi, təhsilin aşağı göstəriciləri öndə gəlir) Azərbaycanın «Sinqapur modeli»nə keçidinin mümkün olmadığını diqqətə çatdırıblar.

Biznes

Məlumatın ən ilginc hissəsi isə məsləhətləşmələrin sonunda Bakının Sinqapur və Latviya yox, Azərbaycanı yenidən qurmaq, iqtisadiyyatı sıfırdan modelləşdirməyə başlamaq üçün məhz Polşa variantına üstünlük verməsi ilə bağlıdır. Bu qərara hansı motivlərin təsiri etdiyi deyilmir.

Qəzet Polşanın Avropanın sanballı, inkişaf etmiş və mühüm dövlətlərindən biri olduğunu, ölkədə ideal biznes şəraitinin yaradıldığını yazsa da, bunu da qeyd edir: «Azərbaycan üçün hansı iqtisadi inkişaf modelinin seçilməsindən asılı olmayaraq, əksər siyasi və iqtisadçı şərhçilər bir məsələdə yekdildirlər: uğurlu islahatlardan ötrü üç mühüm şərtin təmin edilməsi vacibdir - siyasi iradə, islahatçı komanda və islahat proqramı.

Azərbaycanda bu üç şərtin keçərli olub-olmadığı yəqin ki, lap yaxında bilinəcək. Bu vaxt çox uzana da bilməz. Çünki zaman olduqca az qalıb. Azərbaycan üçün «Qum saatı» işə düşmüş sayıla bilər».

YENİ İQTİSADİ SİYASƏTİN ƏSAS KONTURLARI MÜƏYYƏNLƏŞDİRİLİB

«Azərbaycan» yazır ki dövlət valyuta və istehlak bazarında qiymətlərin tənzimlənməsini nəzarətə götürüb və görülən tədbirlər nəticəsində valyuta bazarında yaranan ajiotaj səngiməyə başlayıb:

«Ölkənin maliyyə bazarında son hadisələrə baxmayaraq, manat dünyada baş verən böhrana qarşı ən çox müqavimət göstərən valyuta kimi tanınır. Qaçılmaz addım olan devalvasiyanın səbəbləri xarici faktorlarla bağlıdır, bunun daxili bazarda gedən proseslərlə bağlılığı yoxdur».

Azərbaycanın xarici borcunun kifayət qədər aşağı səviyyədə olduğunu vurğulayan qəzet yazır: «Bu, ümumi daxili məhsulun cəmi 11-12 faizini təşkil edir. Əksər dünya ölkələrində bu rəqəm çox yüksəkdir. Hətta bəzi ölkələrin xarici borcları 100-150 faizdir. Belə durum dövlətimizə xarici valyuta bazarlarından əlavə valyuta resursları cəlb etməyə imkan verir. Prezident sözügedən müşavirədə bunun konkret yollarını göstərmişdir. Belə yollardan biri dövlət tərəfindən istiqrazların buraxılmasıdır. Beynəlxalq praktikada bu üsuldan çox istifadə olunur. Dünyanın inkişaf etmiş ölkələri vaxtaşırı dövlət istiqrazlarını buraxaraq əlavə valyuta əldə edir və bu yolla iqtisadiyyatlarının inkişafına təkan verirlər. Bu yol ölkəmiz üçün də məqbuldur».