Qar-şaxta davam edir

Arxiv fotosu

-

Azərbaycanın şimal bölgəsində qarlı-şaxtalı hava şəraiti davam edir.

ANS PRESS xəbər verir ki, şimal bölgəsində gecə şaxta rekord dərəcəyə çatıb. 46 sm qar olan Qubanın Qrız kəndində 16 dərəcə şaxta müşahidə edilib. Xınalıqda isə şaxta 15 dərəcə olub.

Bölgənin həm rayondaxili, həm də magistral avtomobil yolları buz bağlayıb. Yolların buz bağlamış hissələrinin açılması üçün “Azəryolservis”in Quba, Qusar, Xaçmaz yol idarələri gücləndirilmiş rejimdə çalışır.

5 saylı Xaçmaz yol idarəsinin baş mühəndisi Məmmədşah Hacımuradovun sözlərinə görə, idarənin balansında 109 km respublika əhəmiyyətli, 291 km yerli əhəmiyyətli yol var ki, eniş-yoxuş olan hissələrinin buzdan təmizlənməsi diqqətdə saxlanılır.