Mobil telefonlara virus hücumları çoxalıb

Foto illüstrasiya

-

«360 Mobile Security» şirkəti 2015-ci ildə 15 ölkəni əhatə edən mobil təhlükəsizlik hesabatını yayıb.

Hesabata görə, mobil telefon istifadəçiləri xərac istəyən, internet trafikini sonlandıran, özəl bilgiləri oğurlayan proqramlardan daha çox əziyyət çəkirlər.

TELEFONU ƏLƏ KEÇİRİB ÖDƏNC İSTƏYİRLƏR

Xərac (ödənc) virusları 2014-cü illə müqayisədə xeyli artıb. «360 Mobile Security» şirkətinin beynəlxalq əməliyyat direktoru Huang Yan bildirir ki, hansı yollasa istifadəçilərin diqqətini çəkən, müəllifi bilinməyən proqram və oyunlar bir neçə saniyədə ələ keçirdiyi telefonu istifadəyə yararsız hala düşür. Smartfonu açmaq istəyən adam hakerlə bağlantı qurub onlayn xərac ödəməyə məcbur qalır. 2015-ci ilin mayında on minlərlə istifadəçi belə hallarla üzləşib.

«MOBİI TRAFİK ZOMBİLƏRİ» ARTIB

Hesabatda internet bağlantını sonlandıran virusların önəmli dərəcədə artdığına da diqqət çəkilir. «Mobil trafik zombisi» adlandırılan belə viruslar istifadəçilərin girdiyi veb-səhifəni öz ünvanlarına yönləndirir. Bu zaman arxa planda çalışan virus interneti tükədir. Hakerlər istifadəçilərin yönləndirildiyi hər veb-səhifədən 78 sent qazanırlar. Onlar bu yolla günboyu, təxminən, 200 min dollar gəlir götürürlər.

Özəl bilgiləri oğurlayan viruslar daartıb. Ancaq antivirus proqramları belə halların qarşısını bəlli dərəcədə alıb.

520 MİLYON VİRUS HÜCUMU

Ağıllı telefonlarda ən çox virus hücumuna məruz qalan ölkələr - Malayziya, Hindistan, İndoneziya, Tailand, Türkiyə, İspaniya, Böyük Britaniya, İtaliya və Almaniyadır. Ötən il bütövlükdə 520 milyon virus hücumunun 10 milyonu Türkiyənin payına düşüb.

Huang Yan bu il istifadəçiləri reklam viruslarına, saxta faktura bildirişlərinə, SMS və bilinməyən veb-ünvanlara çox diqqətli olmağa çağırır.