Tibb fakültələri ABŞ-dan cəsəd gətirirlər

Foto illüstrasiya

-

Türkiyə universitetlərində təhsil alan tibb fakültəsi tələbələri cəsəd problemi ilə üzləşir. Problemə diqqət çəkən «Radikal» qəzetinin yazdığına görə, yerli şirkətlər, əsasən, ABŞ-dan cəsəd gətirir.

Antalyadakı şirkətlərdən birinin rəhbəri Ercan Turgut Çindən də cəsəd alındığını söyləyir. O bunu da bildirir ki, həmin cəsədlərin arıq və piysiz olması praktik çalışmalara tələbatı ödəmək baxımından ABŞ-ı ön plana çıxarır.

Ercan Turgut-un sözlərinə görə, baha satıldığından, bir çox universitet cəsəd çatışmazlığıyla üzləşir: «Bir cəsəddən 2 ay yararlanmaq olar, amma bəzən 5 ilədək istifadəyə məcbur qalırıq. Bu zaman, təbii ki, cəsəd cəsədlikdən çıxır və onun tibb fakültəsi tələbələrinin gərəkli təcrübəyə yiyələnməsinə faydası çox azalır».

Qəzet hər cəsədə 300-500 dollar civarında pul ödənildiyini də yazır.