Müharibə cinayətləri tədqiq olunacaq

Müharibə qurbanlarına həsr olunmuş muzeyin açılışında, arxiv fotosu

-

2008-ci il Rusiya-Gürcüstan müharibəsi zamanı “Cənubi Osetiyada və ətrafında” törədildiyi iddia olunan hərbi cinayətlər araşdırılacaq. Bu məqsədlə Beynəlxalq Cinayət Məhkəməsinin hakimləri müstəntiqlər ayırıb.

Yanvarın 27-də yaydıqları bəyanatda hakimlər bildirir ki, 2008-ci il iyulun 1-dən oktyabrın 10-dək “bəşəriyyətə qarşı cinayətlərin törədildiyini” düşünməyə əsaslar var. Həmin il qısamüddətli müharibədən sonra Rusiya Gürcüstanın separatçı Cənubi Osetiya və Abxaziya bölgələrini suveren dövlətlər kimi tanıyıb.

İstintaqın Rusiya, Gürcüstan, yaxud hər iki dövlətin hərbi qüvvələri ilə bağlı aparılacağı bəyanatda açıqlanmır. 5 günlük müharibə zamanı Rusiya Gürcüstana əsgərlər yerləşdirib.

Hakimlər bildirir ki, iddia olunan cinayətlərə “qətl, əhalinin məcburi köçürülməsi və təqibi, dinc əhaliyə hücumlar, bilərəkdən öldürmə” daxildir.