Türkiyə Rusiyanı yenidən sərhədi pozmaqda ittiham edir

Su-34 təyyarəsinin yeni modifikasiyası (Arxiv)

Ankara bildirib ki, Rusiyanın hərbi təyyarəsi Türkiyənin hava məkanına daxil olub

Türkiyədən alınan xəbərlərdə deyilir ki, Ankara Rusiya hərbi təyyarəsinin ölkənin hava məkanına daxil olmasına etiraz bildirmək üçün Rusiya səfirini Xarici İşlər Nazirliyinə dəvət edib.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan Rusiyaya xəbərdarlıq edərək bildirib ki, “belə hallar davam edərsə, Moskva bunun ciddi nəticələri ilə üzləşəcək”.

Türkiyə ötən ilin noyabrında Rusiyanın Su-24 bombardmançı təyyarəsini Türkiyə-Suriya sərhədində vurub saldıqdan sonra Ankara-Moskva münasibətləri son dərəcə gərgin olaraq qalır.

Moskva bu insidentlə əlaqədar Türkiyə üzərinə bir çox sanksiyalar qoyub.

Su-34

Türkiyənin Xarici İşlər Nazirliyinin məlumatına görə isə indiki insident zamanı “Rusiya Federasiyasının Su-34 təyyarəsi cümə günü yerli vaxtla 11:46-da Türkiyənin hava sərhədini pozub”.

XİN-in bəyanatında bildirilir ki, hadisə ilə əlaqədar Rusiyanın Ankaradakı səfirinə “sərt etiraz” bildirilib.

Türkiyə tərəfi deyir ki, bu hadisə Moskvanın gərginliyi daha da artırmaq niyyətindən xəbər veirir.

Ötən noyabrda Rusiya təyyarəsinin vurulması ilə bağlı insidentdə ABŞ və NATO Ankaranı dəstəkləmişdi.

Buna baxmayaraq NATO-nun baş katibi Jens Stoltenberg şənbə günü Rusiyanı “daha məsuliyyətli davranışa və sərhəd pozulması hallarının təkrarlanmamasına” çağırıb.

Rusiya son insidentlə bağlı Türkiyənin bəyanatına hələlik reaksiya verməyib.