Suriya müxalifəti danışıqlara hazırdır

Suriya danışıqları, 29 yanvar, 2016-cı il

-

Suriyanın böyük müxalifət qrupu bildirir ki, heç bir ilkin şərt qoymadan Suriya münaqişəsinin bitməsini hədəfləyən danışıqlara hazırdır.

Səudiyyənin dəstəklədiyi Ali Danışıq Komitəsinin (HNC) nümayəndə heyəti yanvarın 30-da Cenevrəyə gedib. Məqsəd BMT-nin vasitəçilik etdiyi danışıqlara qatılmaqdır.

Qrupun sözçüsü Salim al-Muslat deyib ki, Dəməşq hökumət həbsxanalarındakı qadınları və uşaqları buraxmalı, mühasirədə olan ərazilərə yardım çatdırılmasına icazə verməlidir. Ancaq o, danışıqlar üçün ilkin şərt irəli sürmədiklərini də sözlərinə əlavə edib.

BMT Təhlükəsizlik Şurasının ötən ay qəbul etdiyi qətnamə bütün tərəflərdən tələb edir ki, mühasirədə olan ərazilərə humanitar yardım çatdırılmasına imkan versinlər, qanunsuz saxlanan şəxsləri buraxsınlar, dinc əhalinin yaşadığı yerlərə hücumları dayandırsınlar.