“Rüfət Səfərovun həyatına təhlükə var”

Rüfət Səfərov

-

Keçmiş müstəntiq Rüfət Səfərovun təhlükəsizliyi ilə bağlı müdafiə tərəfində narahatlıq var. Bunu R.Səfərovun vəkili Bəhruz Bayramov AzadlıqRadiosuna açıqlamada bildirib.

Vəkil qeyd edir ki, Rüfət Səfərovun yaşadığı bina, blok və ətraf sahənin şübhəli şəxslərin müşahidəsi altında saxlandığı hiss olunur. Bu isə onun ciddi nəzarət altında saxlandığını düşünməyə əsas verir. Müdafiə tərəfi ehtiyat edir ki, hansısa maraqlı qüvvələr Rüfət Səfərovun həyatına qəsd edə bilər. Bu isə istintaqın özünü də olduqca arzulanmaz vəziyyətə sala bilər. Vəkil aidiyyatı orqanlardan Rüfət Səfərovun təhlukəsizliyi məsələsinə ciddi yanaşmağı xahiş edir. Vəkil həmçinin, bir müddət əvvəl keçmiş müstəntiqin naməlum nömrələrdən təhqiramiz, hədələyici və hətta ölümlə təhdid edən zəng və mesajlar aldığını da yada salır. Bildirir ki, bütün bunlar müdafiə tərəfin narahatlığını artırır.

Hələlik müdafiə tərəfinin bu iddiaları ilə bağlı rəsmi açıqlama yoxdur.

Keçmiş müstəntiq Rüfət Səfərov ötən il dekabrın 21-də bəyanatla prokurorluq sistemindən istefa verib. Bundan sonra ona təzyiqlər başlayıb. Rüşvət almaq ittihamı ilə Binəqədi rayon məhkəməsi 2016-cil yanvarın əvvəlində onun barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçib, sonradan ev dustaqlığı ilə əvəzlənib. R.Səfərovun vəkili B.Bayramov bundan əvvəl də müdafiə etdiyi şəxsin həyatına təhlükə olması haqda bəyanatlarla çıxış edib. R.Səfərov Müdafiə nazirliyi mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlunun oğludur.