Suriyada ölənlərin sayı 70-i keçdi

Hadisə yeri, 31 yanvar, 2016-cı il

-

Suriyanın paytaxtı Dəməşq yaxınlığında şiə ziyarətgahında ölənlərin sayı 70-i keçib. Yanvarın 31-də 2 intiharçının törətdiyi partlayışda 100-dən çox insan yaralanıb. Partlayış Seyyida Zeynəb ziyarətgahında törədilib.

Britaniyada mənzillənən İnsan Haqları Təşkilatı bildirir ki, ölənlərdən 42-i Suriya hökumətinə sadiq döyüşçülərdir. Qalanları dinc sakinlərdir, beşi uşaqdır.

Hücumlara görə məsuliyyəti İslam Dövləti (İŞİD) silahlı qruplaşması üzərinə götürüb.

Bu arada Cenevrədə BMT-nin vasitəçiliyi ilə Suriya danışıqları keçirilir.

AB-nin xarici siyasət rəhbəri Federica Mogherini bildirib ki, hücumlar “açıq-aşkar siyasi prosesi pozmaq” məqsədi daşıyır.

Suriyanın əsas müxalifət qrupu olan Ali Danışıq Komitəsi xəbərdarlıq edib ki, danışıqlara başlamamışdan müsbət dəyişiklik görmək istəyir.

Dəməşq nümayəndə heyətinin rəhbəri Bashar al-Jaafari isə söyləyib ki, bu qrup danışıqlara “ciddi yanaşmır”. BMT-nin xüsusi elçisi Staffan de Mistura hər iki tərəflə ayrılıqda danışıqlar aparıb və bildirib ki, “nikbin və qətiyyətlidir”.