-
Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlının ev dustaqlığına buraxılmasını lazım bilməyib. AXCP sədr müavininin özünün də iştirak etdiyi prosesdə Nəsimi Məhkəməsinin fervalın 1-də çıxardığı qərar qüvvədə saxlanıb.
Vəkil Nemət Kərimlinin bildirdiyinə görə, məhkəmə iclasında çıxış edən F.Qəhrəmanlı ədalətli qərar gözləmədiyini deyib. Vəkil Fuad Qəhrəmanlıdan belə bir stat gətirib:
“Bu, siyasi xarakterli bir işdir. Məhkəmə formal xarakter daşıyır, hakimlərin heç bir imkanı yoxdur ki, belə işlərdə şikayətləri təmin etsinlər. Xahiş edirəm ki, mənasız yerə vaxt almayın, prosesi tez yekunlaşdırın...”
Vəkilin sözlərinə görə, bu iş üzrə daxili müdafiə vasitələri tükəndiyindən Avropa Məhkəməsinə şikayət göndəriləcək.
Fuad Qəhrəmanlı 2015-ci ilin dekabrında Nardaran olayları ilə bağlı həbs edilib. O, dövlət hakimiyyəti əleyhinə və dini, irqi, sosial nifrət aşılayan çağırışlar etmədə ittiham olunur.