Rusiya Suriyaya SU-35C təyyarələri atıb

Foto arxiv

Rusiya Suriyanın Latakiyə şəhərindəki hərbi bazasına 4 çoxməqsədli SU-35C təyyarələri atıb.

Bu təyyarələr “4++”nəslinə aiddir.

Beləliklə hazırda Rusiyanın Suriyada 70-dən çox hərbi təyyarəsi və vertolyotu var.

Bu barədə “Kommersant” qəzeti fevralın 1-də Rusiyanın baş qərərgahındakı mənbəə istinadla xəbər yayıb.

Rusiya müdafiə nazirliyinin məlumatına görə Rusiyanın hərbi təyyarələri son həftələrdə Suriyanın Hələb, Latakiyə, Hama, Homs, Dəməşq, Raqqa və Dara əyalətlərində ekstremistlərə məxsus 1300-dən çox obyekti məhv ediblər.

Suriya müxalifətinin məlumatına görə, Rusiyanın hava zərbələri nəticəsində ümumilikdə mindən çox dinc sakin ölüb.

ABŞ və onun müttəfiqləri Rusiyanı prezident Bashar Assad rejimini möhkəmləndirmək üçün ona qarşı vuruşan müxalifət qüvvələrinin mövqelərini vurmaqda ittiham edirlər.

Moskva isə əsas hədəfin “İslam Dövləti” qrupu və digər ekstremist qruplar olduğunu təkid edir.