►"Azərbaycan müstəqillik qazandıqdan sonra bir sıra milli standart və normativlər qəbul edib. Ancaq içməli suyun keyfiyyəti ilə bağlı köhnə sovet standartı saxlanılıb."
“Ötən il Azərbaycanda 200 min nəfərin içməli su ilə təchizatı yaxşılaşıb.”
“Azərsu” Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin məlumatında belə deyilir. Bu məlumata görə, daha 186 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunub. 102 min nəfərin isə su təchizatı fasiləsiz rejimə keçirilib. Bununla da ölkə əhalisinin 64,5, Bakı şəhərinin isə 79,2 faizi fasiləsiz su ilə təmin olinur.
ASC-nin məlumatına görə, Badamdar və Nardaran qəsəbələrində yeni layihələrin icrasına başlanılıb.:
Mətbuat xidməti bildirir ki, ölkədə 52 mini Smart tipli olmaqla 80 mindən çox su sayğacı quraşdırılıb. İl ərzində istehlakçılara 289 milyon kubmetr su satılıb, 192 milyon kubmetr həcmində kanalizasiya xidmətləri göstərilib.
Göstərilən xidmətlər üzrə yığım səviyyəsi isə 2,4 faiz artaraq 93,6 faizə yüksəlib. Abonent sayı 56 min artaraq 1 milyon 377 minə çatıb.
Ölkədə əhalinin su ilə təchizatını yaxşılaşdırmaq üçün son illər bir çox layihələr həyata keçirilir. Müstəqil iqtisadçıların açıqladığı rəqəmlərə görə, bu layihələrə milyardlarla manat xərclənib.
Bu layihələr içməli suyun keyfiyyəti dəyişirmi?
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin (İTYİB) eksperti Samir Əliyev bildirir ki, Azərbaycan müstəqillik qazandıqdan sonra bir sıra milli standart və normativlər qəbul edib. Ancaq içməli suyun keyfiyyəti ilə bağlı köhnə sovet standartı saxlanılıb. Yalnız qablaşdırılmış sular üçün texniki şərtlər qəbul edilib. Milli standartların qəbuluna məsul dövlət qurumu olan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 2010-cu ilin iyul ayında Codex Alimentarius Komissiyasına (Codex Alimentarius Commission) üzv olub. Bunula da ölkə standartlarını beynəlxalq standartlara çatdırmaq öhdəliyi götürüb. Amma bu günə qədər həmin standartlar müəyyən edilməyib.
Bu birlik 2011-ci ildə Avropa Komissiyası və OXFAM təşkilatının dəstəyilə Azərbaycanda içməli suyun keyfiyyətini və suya əlçatanlılığı tənzimləyən standartlarla bağlı tədqiqatlar aparıb. S.Əliyev Dünya Səhiyyə Təşkilatının suya əlçatanlıqla bağlı tövsiyələrinin hələ də yerinə yetirilmədiyinin bildirir.