"Murdar" sallaqxana aşkar edilib

İllüstrasiya

-

Abşeron rayonunda öldükdən sonra kəsilmiş müxtəlif növ heyvan cəmdəklərinin tədarük edildiyi və yararsız heyvan ətinin “topdan satış”ının həyata keçirildiyi sallaqxana müəyən edilib.

Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə, rayonun Aşağı Güzdək qəsəbəsindəki sallaqxanada onlarla mənşəyi məlum olmayan, yararlığı şübhə doğuran, göyərmiş və üfunətli heyvan cəmdək, skelet və sümükləri aşkar edilib. Sallaqxanadan götürülən nümunələr baytarlıq laboratoriyasında müayinə edilib. Müayinə nəticəsində nümunələrdə bakterioloji çirklənmə aşkar olunub. Ət nümunələrinin insan və heyvan sağlamlığına təhlükəli olduğu müəyyən edilib. Sallaqxanadan götürülən dörd tondan artıq ət məhv edilib.

Nazirlik bildirir ki, sallaqxana sahibi Sərdar Şahverdiyev barəsində gərəkli tədbirlər görülməsi üçün Baş Prokurorluğa məlumat verilib.

Sallaqxana sahibinin yoxlama nəticələrinə münasibəti bəlli deyil.