«Qapımız zibil poliqonuna açılır...»

Zığ

-

«Bu yolu görürsünüz?.. Təcili yardım maşını keçə bilmir, məcbur oluruq, xəstəni evdən maşına qədər qucağımızda daşıyaq...».

Qədim Zığ kəndi... Sahəsi, azı, min hektar olar. Əhalisinin sayı 15 mini aşar... Amma dərdi-səri, yerli sakinlər demişkən, qat-qat çoxdur.

«OVDAN BULAĞI»

... Yayı susuz, qışı yolsuz keçən bu yaşayış yerini «zığlı-palçıqlı» kənd də adlandırmaq olar. Yollarını keçməkdən ötrü bələdçiyə ehtiyac duyulur... İllərdir bu şəraitdə yaşayan sakinlərdən daha yaxşı bələdçi kim olar ki?..

Zığda xeyli tarixi abidə var. 17-ci əsrə aid «Ovdan bulağı» da onlardan biridir. Bulaq kəndin tən ortasında yerləşir. Sakinlərin çoxu bu bulağın suyunu içir, bu bulağın suyunu işlədir. Vaxtilə kəndin xanımları burada pal-paltar yuyub suya çəkərlərmiş. Ancaq ilbəil bulaq dağılıb töküldükcə xanımlar da buralardan ayaq çəkiblər.

«Ovdan bulağı»nın ətrafı

ÜFUNƏT QOXUYAN TARİXİ BULAQ

Kənd sakini Vidadi Baxışov:

«Kəndin yarısı suyu bu bulaqdan götürür. Ancaq indi kənddə su yoxdur. Nədən? Axı rezin boruları daşıyıb evlərinə aparıblar. 400-dən çox şlanq olmalıdır, amma yoxdur. «Kənd soveti» baxmır… Dəfələrlə demişik ki, bura bir əncam çəkin. Bura kəndin su mənbəyidir. Natəmizlikdən bura yaxın düşmək olmur...».

Adam lap məəttəl qalır – görəsən, natəmizlikdən, qoxudan beyin çatlayan ərazidən götürülən suyu içib hansı xəstəliklərə düşmək olar?

Sakinlər dad döyür ki, evləri yay-qış rütubətli olur. Çirkab suları adamın ayaqları altından şırhaşır axıb gedir... Xətlər çürük-çürükdür. Bütöv bir məhəllənin sakinləri də, az qala, adamın ağlını əlindən alan qoxunu ciyərinə çəkməyə məcbur qalır...

TULLANTI POLİQONUNUN QONŞULARI

Bu da küçənin başında tullantı poliqonunu xatırladan kiçik qayanın üstü... Təkcə bu küçənin yox, qonşu küçələrin də zibillərini sinəsinə «yığan» qayanın ətrafında yaşayanlar buranı «cəhənnəmin dibi» adlandırırlar.

Tullantı poliqonunun bir addımlığında yaşayan Təbiət xanım:

Təbiət xanım

«Gətiririk, təmizlədirik, ancaq bələdiyyə 3 dənə zibil yeşiyi nədir ki, gətirib bura qoymur. Az keçmir ki, bura təzədən bu günə düşür. Belə keçən də zibili bura atır, elə keçən də... Körpə-körpə nəvələrim küçəyə çıxa bilmir. Qapımız zibil poliqonuna açılır...».

Beləcə, qosqoca Zığ kəndinin küçələrini qarış-qarış gəzə bilərsiniz. Gəlişinizdən, təbii ki, kəndin icra nümayəndəsi də xəbər tutacaq.

«PALÇIQ TƏMİZLƏNƏCƏK, BORULAR ÇƏKİLƏCƏK»

İcra nümayəndəsi Cəlaləddin Əhmədov Zığda az bir vaxtdan sonra nə zığın-palçığın, nə də köhnə kanalizasiya xəttinin qalmayacağına söz verir:

«Bu boruları biz gətirmişdik, ancaq «Azərsu» bu boruları qəbul eləmədi, bir neçə günə buraya qəşəng, layihəyə uyğun plastmas borularla kanalizasiya çəkiləcək».

«GƏNCLƏRƏ İŞ VERİLƏCƏK»

İcra nümayəndəsi deyir ki, Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Zığın hətta gənclərini də düşünür:

«Bizdə olan məlumata görə, bu yaxınlarda Bakı şəhər İcra hakimiyyəti çoxlu iş yerləri açacaq. Bizim gənclərimiz də hərəsi öz ixtisasına uyğun işə götürüləcək».

Biz kəndi gəzib dolanmaqdaykən, sakinlər xəbər gətirdilər ki, «Azərsu» ASC-nin fəhlələri gəlib. Özləri ilə bir traktor da gətiriblər. Niyə gəlmişdilər, hansı işi görəcəkdilər – bax, bunu öyrənə bilmədik. Fəhlələrə çatınca, bizi görüb ərazidən qaçdılar.