Qəzet təsisçisinə 5 il istənildi

Şirin Cəfərli

-

"Gündəm xəbər" qəzetinin təsisçisi Şirin Cəfərlinin barəsindəki cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb.

Fevralın 3-də Yasamal Rayon Məhkəməsində keçirilən prosesdə prokuror çıxış edərək Şirin Cəfərlinin 5 il azadlıqdan məhrum edilməsini istəyib.

Şirin Cəfərlinin vəkili Zaur Niftəliyev çıxışa hazırlaşmaq üçün hakim Hüseyn Səfərovdan vaxt istəyib. Fevralın 16-da növbəti məhkəmə iclasında həm vəkil müdafiə nitqilə çıxış edəcək, həm də qəzetin rəhbəri son sözünü deyəcək.

Şirin Cəfərli Cinayət Məcəlləsinin 306.2-ci (vəzifəli şəxs tərəfindən məhkəmə hökmü və ya qərarını icra etməmə) maddəsilə ittiham olunur.

O, 2013-cü ilin mayında Kəpəz Rayon Məhkəməsinin hökmü ilə 213.2.2 (külli miqdarda gəlir əldə etməklə vergi ödəməkdən yayınma) ittihamı ilə 3 il şərti azadlıqdan məhrum edilib.

Həmin vaxt məhkəmə həmçinin Vergilər Nazirliyinin ona qarşı mülki iddiasını təmin edərək, 71 min 478 manat ödəməsi barədə qərar çıxarıb. O hökmdən verilən apellyasiya şikayətinə baxılana qədər Şirin Cəfərli 540 manat ödəyib. Şirin Cəfərli qalan məbləği ödəmədiyinə görə bu ilin fevralında 500 manat cərimələnib. Bundan sonra - martın 5-də isə Ədliyyə Nazirliyinin İstintaq İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmənin hökmünü, qərarını icra etməmə) maddəsilə cinayət işi başlanıb.

Şirin Cəfərli iddia edir ki, onun həbsinin tələb olunması olduqca ədalətsiz yanaşmadır:

"Çünki üzərimə qoyulmuş 71 mindən artıq ödənişlə bağlı qərar qanunsuz və əsassızdır. "Gündəm xəbər"in 8000 tirajla vurulub, hamısının da satılması fərziyyəsilə qərar çıxarılıb. Özü də xərclər nəzərə almadan. Qəzet satışından - 40 qəpikdən yalnız çap xərci kimi 7 qəpik çıxıb, qalanı gəlir kimi hesablayıblar. Hamı bilir ki, bu yalandır".