Şair: "Ədəbiyyatla əxlaqı qarışdırmaq çox təhlükəli məsələdir"

Yevgeny Yevtushenko cavanlığında

-

Tanınmış Fransa şairi Alen Boske (Alain Bosquet) ilə rus-sovet şairi Yevgeni Yevtuşenkonun söhbəti

Yevgeny Yevtushenko, 2014

Y.Y.: Dəfələrlə Fransada olmuşam. Məndə belə bir fikir yaranıb ki, fransızlar şeir kitablarını az alır, poeziya ilə az maraqlanırlar. Əgər fikrim sizə mübahisəli görünmürsə, bu kədərli faktı nə ilə izah edə bilərsiz?

Deyə bilərsinizmi, poeziyaya maraq azalıb, yoxsa poeziyanın özü böhran keçirir?

A.B: - Tamamilə haqlı olaraq qeyd edirsiniz ki, Fransada şeir oxucuları azdır. Bu, yeni məsələ deyil. Orta əsrləri nəzərə almasaq (o dövrlərdə xalq ədəbiyyatı geniş yayılmışdı), Fransada poeziyaya demək olar ki, iki dövrdə böyük maraq olub: 1810 – 1930-cu illər arasında – romantizm dövründə; 1940-1944-cü illərdə – Müqavimət hərəkatı dövründə. Bütün qalan dövrlərdə isə poeziyaya ancaq müəyyən qrup adamlar fanatik kimi sitayiş ediblər.

Arthur Rimbaud (portret)

Təkcə onu demək kifayətdir ki, Artur Rembo kimi şairin əsərləri sağlığında nəşr olunmayıb.

Muasir fransız poeziyasının dili çox çətindir. Onu başa düşmək üçün oxucu hazırlıqlı olmalıdır.

Digər tərəfdən, hər on fransız şairdən doqquzunu şeiri intellektuallaşdırmaqda təqsirləndirmək olar.

Qərb dünyasında poeziya maraqlı sənət sayılmır. Bunlardan əlavə, Fransada bir çox sahələrdə, o cümlədən, incəsənətdə passivlik yaranıb. (Mahnı sahəsi daha yaxşı vəziyyətdədir). Üstəlik, Jorj Brassensi şair hesab etmək düzgün deyil. Ancaq xalq belə hesab edir ki, əsl şair odur.

Bir çox ədəbiyyatşünas və tənqidçilər bu fikirdədir ki, Sen Jon Pers, Tomas Eliot, Oden, Pasternak, Nerudadan sonra dünya poeziyasında durğunluq yaranıb. Onların layiqli əvəzediciləri yoxdur. Sizcə, böyük şairlərin yaranması hansı səbəblərlə bağlıdır? Tarixi şəraitdən asılıdır, ya dilin inkişafı, bəşəriyyətin, ayrı-ayrı xalqların psixoloji vəziyyəti ilə əlaqəlidir?

Alain Bosquet

– Böyük şairlərin ölümündən sonra adama elə gəlir ki, onlar əvəzedilməzdir.

Ancaq sonra başqa böyük şair meydana çıxır və onun haqqında da eyni fikir yaranır.

Belə bir fikir də mövcuddur ki, böyük şairin yaranması tarixi hadisələrlə bağlıdır. Bu fikir Fransanın böyük şairlərinin timsalında özünü doğrultmur.

Bizim ölkəmizdə heç bir tarixi hadisə böyük şedevrlərin yaranmasına səbəb olmayıb. Hə, 1789-cu il inqilabı nə Paris Kommunası, nə Verden ətrafındakı qələbə heç bir məşhur əsərdə öz əksini tapmayıb. Etiraf etməliyəm ki, bizim Müqavimət dövrü poeziyamız Yuqoslaviyada faşizmə qarşı mübarizə poeziyasından geri qalır.

Fransız poeziyası mühüm hadisələrin baş vermədiyi dövrlərdə daha çox nailiyyətlər qazanıb. Prussiya ilə müharibədə məğlubiyyətin artıq unudulduğu bir dövrə – 1873–1875-ci illərə A.Rembo ən gözəl şeirlərini yazmışdır. Sen Jon Persin ən yaxşı əsərləri 1907 – 1910-cu illərdə yaranmışdır.

Bizim poeziyamızda XIV Lüdovikə, Napaleona, Joresə və ya de Qolla həsr olunmuş çoxlu şeirlər mövcud olmasına baxmayaraq, onlardan heç biri əbədiyyət qazanmış şeirlər sırasına daxil olmayıb.

– Necə bilirsiz, kino və televiziya sahələri ədəbiyyatı və insan qəlbinin dərinliklərini fəth etməyə qadirdirmi?

Mən kinoya baxmıram, çünki filmlərin içərisində əriyirəm. Kino - zəmanəmizin ən güclü tiryəkidir. Kino fikirləşməyə mane olur. İncəsənət sahələri içərisində insana ən çox təsir edən kinodur. Kapitalizm dünyasında bu hər şeydən əvvəl insanın instinktlərinə toxunan, onu heyrətə salan bir sənaye sahəsidir.

Mən bu sözlərimlə görkəmli kino xadimləri Fellininin, Bertoluççinin, Koppolanın sənət sahəsindəki xidmətlərini azaltmaq fikrində deyiləm.

Mən yaşda olan adamların fikrincə, televiziya zaman və məkan anlayışlarını darmadağın edib. Heç vaxt olmadığım yerləri, görmədiyim Zambezi şəlaləsini, Böyük Səhranın qumlarını televiziyanın hesabına tanıyıram.

Həm fərəhli, həm kədərli hadisədir ki, televiziya müəyyən hadisəyə görə adamı dərhal həyəcanlanmağa məcbur edir və eyni zamanda bu hadisə haqqında ayıq fikirləşməyə də imkan vermir.

– İnsanlığı xeyirxahlığa, gözəlliyə çağıran saysız-hesabsız kitablar yazılıb. Ancaq dünayada hələ də zülm, amansızlıq, istismar, müharibələr var. Doğrudanmı incəsənət dünyanın qara qüvvələrinə təsir göstərə bilmir?

Bəlkə əsl böyük əsərlər hələ az yazılıb. Bəlkə güclü bədii əsərlər indikindən on dəfə çox yazılsa da, bu işdə heç bir köməyi olmayacaq?

Bəlkə biz ədəbiyyatın əhəmiyyətini həddindən artıq şişirdirik? Bəlkə insan əxlaqı sənətdən asılı deyil?

Ədəbiyyatla əxlaqı qarışdırmaq çox təhlükəli məsələdir. Dantenin, Şekspirin, Dostoyevskinin, Sviftin əxlaqından heç kəsə dərs demək olmaz.

Ədəbiyyat insan ürəyinin ən dərin guşələrini öyrənir. İnsanların tərbiyəsi üçün həm də nümunəvi dərs kitabları lazımdır. Qeyd etmək olar ki, Mayakovskinin yaradıcılığı öz ölkəsi, öz zəmanəsinin ideyaları ilə bağlı idi. Bəzi dahilər isə öz əsərləri ilə zəmanələrini ötüb keçirlər və ona görə də öz dövrləri üçün anlaşılmaz qalırlar. Dəqiq desək, gözəllik də, bitkinlik də hissi bir əxlaqdır.

– Vaxtilə Qərbdə çox dəbdə olan anti-romanın taleyi ilə bağlı nə deyə bilərsiniz? Sizdən bugünkü dünyamızın on ən yaxşı romançısının adını çəkməyi xahiş etsəydilər, kimləri o siyahıya daxil edərdiniz?

“Yeni roman” və ya “antiroman”ın yaranması ilə Balzak və ya Tolstoyun əsərlərində mövcud olan ənənəvi psixoloji məntiqin sonu çatdı. Bunun əvəzində yeni romançılar ədəbiyyata psixoanaliz elementləri və qəhrəmanların ədəbi şübhəsini gətirdilər. Belə suallar meydana çıxdı: qəhrəmanların fəaliyyəti onların iradəsindən asılıdır, ya asılı deyil? Belə bir vəziyyətdə müəllif özü hakim rol oynamır. Psixoloji anların, hadisələrin nə ilə qurtaracağını o, özü də bilmir.

Dünyanın on romançısı söhbətinə gəldikdə isə mən ilk növbədə son dövr romançılarının adlarını çəkmək istərdim: amerikalı Tennesi Uilyams, türk Yaşar Kamal, sonra Qabriel Qarsia Markes, argentinalı Xorxe Borxes, yazıçı və dramaturq kimi Samuel Bekket. Və isveç Artur Lundkvist, bulqar Elisoveti, yunan Yannis Ritsosu xatırlamaq lazımdır.

Təvazökarlıq xatirinə fransız yazıçılarının adını çəkməsəm də, Jan Pol Sartrın adının üstündən sükutla keçmək olmur. İcazə versəydiniz, ədəb xatirinə və böyük hörmətə görə rus yazıçılarının da adını çəkməyim.

A.S. Pushkin

– Rus ədəbiyyatı haqqında bir neçə söz eşitmək istərdik.

Puşkinin poeziyasını bütün gözəlliyi ilə fransız dilinə tərcümə etmək, demək olar ki, mümkün deyil. Qoqolun ağrıları da fransız xalqına yaxşı tanış deyil.

Məhz bu səbəblərə görə, bu iki sənətkar fransız ədəbiyyatına hiss ediləcək dərəcədə təsir göstərməyib.

Dostoyevskini biz dünya ədəbiyyatının ən böyük yazıçılarından sayırıq. İnsanın öz günahlarını duyması baxımından Dostoyevski Şekspir, Servantes və Höteyə nisbətən bizim ədəbiyyatımıza daha çox təsir göstərir. Bu mənada, Dostoyevskinin və Frans Kafkanın səviyyəsində üçüncü sənətkar yoxdur…

“Literaturnaya qazeta”, 1980