“Mosul bu il çətin geri alınar”

Vincent Stewart

-

Mosulu İslam Dövləti (İD) silahlı qruplaşmasından almaqdan ötrü əməliyyat bu il çətin həyata keçirilər. Bunu fevralın 9-da ABŞ kəşfiyyat rəsmisi bildirib.

General leytenant Vincent Stewart İraq və ABŞ-ın digər rəsmilərindən fərqli olaraq, daha bədbin səslənib. Belə ki, son vaxtlar İraqın ikinci böyük şəhəri olan Mosulun bu il azad olunacağına dair fikirlər səslənməkdədir.

Bağdad fevralın 9-da elan edib ki, şəhərin azad olunması əməliyyatına hazırlıq məqsədilə Mosul yaxınlığında bazaya minlərlə əlavə əsgər göndərməyi planlaşdırır.

“Mosul mürəkkəb əməliyyat olacaq… Bunun yaxın müddətdə, bu il həyata keçiriləcəyi barədə nikbin düşünmürəm”, Müdafiə Kəşfiyyatı Agentliyinin direktoru olan Stewart Senatın Silahlı Xidmətlər Komitəsində bildirib.

Ötən dekabrda İraq qüvvələri ABŞ hava zərbələrinin dəstəyi ilə Ramadi şəhərini İD-dən alıblar. Ancaq Mosul daha böyükdür.