-
Türkiyədəki ABŞ səfiri Xarici İşlər Nazirliyinə çağrılıb. Səbəb Dövlət Departamentinin sözçüsünün deməsidir ki, Vaşinqton Suriyadakı Kürd Demokratik Birlik Partiyasını (PYD) terrorçu təşkilat kimi tanımır.
Ankara PYD-nı Kürdüstan Fəhlə Partiyasının (PKK) bir qanadı hesab edir. PKK Türkiyənin cənub-şərqində kürdlərin muxtariyyəti uğrunda mübarizə aparır. Türkiyə, ABŞ və Avropa Birliyi PKK-nı terrorçu təşkilat adlandırır.
Vaşinqton PYD-nı Suriyadakı İslam Dövləti qruplaşması yaraqlılarına qarşı mübarizədə dəstəkləyir.
ABŞ səfiri John Bass fevralın 9-da nazirliyə çağırılıb və rəsmilər ona Ankaranın narahatlığını çatdırıb.
Departamentin sözçüsü John Kirby bir gün öncə demişdi ki, “biz, bildiyiniz kimi, PYD-nı terrorçu təşkilat saymırıq”.