Moskvada ticarət obyektlərinin sökülməsi nəticəsində 2 minə yaxın adam işsiz qalıb.
Bu barədə fevralın 10-da ticarət və xidmətlər departamentinin rəhbəri Aleksei Nemeryuk məlumat verib.
O Moskva radiosuna müsahibəsində bildirib ki, hakimiyyət sökülməli olan tikililərin sayını genişləndirə bilər və bu cür obyektlər sökülənlərdən iki dəfə çoxdur.
Qeyd edək ki, fevralın 9-a keçən gecə Moskvadakı metro stansiyalarında 100-dən çox belə obyekt sökülüb.
Şəhər rəhbərliyi bunun səbəbini onların qanunsuz tikilməsi ilə izah edir.
Şəhər meri Sergei Sobyanin deyir ki, sökülən obyektlər əsasən 1990-cı illərdə məmurların buna göz yumması nəticəsində tikilib.
Rusiya Pravoslav Kilsəsi sökülən obyektlərin yerində məbəd tikilməsini təklif edib.
Korrupsiya ilə mübarizə fondu isə bildirib ki, bu ticarət obyektlərinin yerində yeniləri tikiləcək və onlara Moskva Nəqliyyat Departamenti nəzarət edəcək.
Obyektlərin sökülməsinə qarşı çıxanlar isə onların hamısının icazəsi olduğunu deyirlər.