ANS MTRŞ-ni daha bir prosesdə uddu

ANS TV

-

Fevralın 11-də Bakı Apellyasiya Məhkəməsində ANS şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayətinə baxılıb.

«Report» xəbər verir ki, apellyasiya şikayəti qismən təmin olunub və Səbail rayon Məhkəməsinin qərarı ləğv edilib. İş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilib.

ANS şirkəti ötən il oktyabrın 5-də MTRŞ-nın çıxardığı inzibati tənbeh vermə haqqında qərarlarının ləğvi tələbi ilə Səbail rayon Məhkəməsinə müraciət etmişdi. Məhkəmə şikayəti təmin etməmişdi. Qərardan narazı qalan şirkət Bakı Apellyasiya Məhkəməsinə şikayət vermişdi.

Bu vaxta qədər Bakı Apellyasiya Məhkəməsində ANS-in MTRŞ-ya qarşı 13 şikayətinə baxılıb. Həmin şikayətlər üzrə Səbail rayon Məhkəməsinin qərarları ləğv edilib, apellyasiya şikayəti qismən təmin olunub. İş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilib.

Ancaq Milli Televiziya və Radio Şurası da geri çəkilmək niyyətində deyil. Bu qurum 2 gün əvvəl müxtəlif vaxtlarda ANS-lə bağlı qəbul etdiyi 26 qərarına yenidən baxıb. Şura əvvəlki qərarlarını qüvvədə saxlayıb.