-
Birləşmiş Ştatlar Əfqanıstanda İslam Dövləti (İŞİD) silahlı qruplaşmasına hava zərbələrini artırıb. Belə ki, ABŞ Prezidenti Barack Obama komandirlərinə bu qrupu vurmaq üçün daha böyük səlahiyyət verib. Məlumatı fevralın 11-də ABŞ ordusunun sözçüsü yayıb.
İŞİD Əfqanıstanda nisbətən yeni qüvvədir və burada Talibana meydan oxuyur. Qrupun genişlənməsindən narahat olan Obama yanvarda orduya onu vurmaqdan ötrü geniş səlahiyyət verib.
Ordunun sözçüsü, briqada generalı Wilson Shoffner deyib ki, hücumların sayı ciddi şəkildə artıb.
Son 3 həftədə ölkənin şərq hissəsində qruplaşmaya 20 zərbə endirilib.
Shoffner Əfqanıstanın şərqində İŞİD-in mindən 3 minədək üzvünün olduğunu vurğulayıb.