Fevralın 12-də Münhendə beynəlxalq təhlükəsizlik konfransı başlanıb.
Konfrans fevralın 14-dək davam edəcək.
Hər il bu forumda dünyanın müxtəlif ölkələrindən yüzlərlə lider iştirak edir.
Bu dəfə konfransda əsasən miqrasiya problemi, Suriya müharibəsi, Rusiyanın Yaxın Şərqdəki hadisələrdə rolu və Ukraynanın şərqindəki münaqişə müzakirə olunacaq.
Toplantı üçün hazırlanan hesabatda Rusiya ilə Qərb arasında böhran yarandığı xəbərdarlıq edilir.
Forumun sədri Volfgang İshinger bildirib ki, bir il əvvəl söhbət dünyada baş verən hadisələr və ayrı-ayrı ölkələrdə yalnız kiçik risklərdən gedirdisə, indi vəziyyət getdikcə pisləşir.
Qeyd edək ki, Münhen konfransından əvvəl şəhərdə Suriya ilə bağlı əlaqə qrupunun görüşü olub.
Görüşün sonunda Suriyada atəşin dayandırılması və işğal edilmiş şəhərlərə humanitar yardım çatdırılması barədə razılıq əldə edilib.
Rusiyanın xarici işlər naziri Sergei lavrovun sözlərinə görə yekun sənəddə atəşin təcili dayandırılmasından söhbət getmir.
Lavrov deyib ki, əgər hökumətlə müxalifət lazımi tədbirlər görsələr 1 həftədən sonra atəşkəs prosesinə başlamaq olar.