Rüfət Səfərov yenə dindirilib

Sizin brauzer HTML5-i dəstəkləmir

Rüfət Səfərov istintaqa çağrılıb

-

Keçmiş müstəntiq Rüfət Səfərov fevralın 13-də yenidən istintaqa çağırılıb. Bu haqda AzadlıqRadiosuna onun vəkili Bəhruz Bayramov məlumat verib.

B.Bayramov bu məsələdə hər hansı problem görmədiyini deyib: «Rüfət Səfərov barəsində həbs-qətimkan tədbiri dəyişdirilib, cinayət işinə xitam verilməyib. Ona görə də istintaqa çağırılmasını normal qarşılamaq lazımdır» - deyə vəkil B.Bayramov qeyd edib. Amma vəkil istintaqın təfərrüatları barədə heç nə deməyib.

Yada salaq ki, Rüfət Səfərov dünən də Korrupsiyaya qarşı mübarizə idarəsində ifadə vermişdi.

O, keçən il dekabrın 21-də prokurorluq sistemindən istefa verib. Rüfət Səfərov Zərdab rayon Prokurorluğunda müstəntiq işləyirdi. İstefasında o, ölkədə ədalətsizliyin baş alıb getdiyini və artıq buna dözə bilmədiyini bildirirdi.

Bundan sonra onun Zərdab rayonunda kirayədə qaldığı evdə axtarış aparıldı. Bu il yanvarın əvvəlində də Binəqədi rayon Məhkəməsində rüşvət almaqda ittiham edilərək 3 ay 26 günlük həbs cəzası aldı. Yanvarın ortalarında isə Rüfət Səfərov haqqında seçilən həbs qət-imkan tədbiri ev dustaqlığı ilə əvəz edilib, cinayət işinə xitam verilməyib.

R.Səfərov Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlunun oğludur.