“Ermənistanda Araz çayı çirkləndirilir” 

Arxiv fotosu

Arxiv fotosu

-

“Ermənistanda Araz çayının çox ciddi çirklənməsi müşahidə olunur”. Bu fikri Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “İqlim və enerji təhlükəsizliyi. İstiləşmə hələ də davam edirmi?” mövzusunda keçirilən panel-müzakirə zamanı söyləyib.

Dövlət başçısı bildirib: "Müstəqilliyimizin son 25 ilində atmosferə qaz tullantılarını azalda bilmişik. 1990-cı ildə tullantılar 70 milyon tondan çox təşkil edirdi, indi isə təqribən 50 milyon tondan çoxdur. Bu, iqtisadiyyatımızın həmin müddətdə kəskin şəkildə artmasına baxmayaraq, baş verirdi.”

“APA” informasiya agentliyinin yaydığı xəbərə görə, prezident bununla belə qeyd edib ki, bu sahədə təhlükələr də mövcuddur:

“Bizi su ilə təchiz edən əsas çaylarımız mənbəyini qonşu ölkələrdən götürür və xüsusilə Ermənistanda Araz çayının çox ciddi çirklənməsi müşahidə olunur. Bu da bizim hamımız üçün təhlükədir. Çayın çirklənməsinin dayandırılması ilə bağlı bütün müraciətlərimizə baxmayaraq, təəssüf ki, Ermənistan bu siyasəti davam etdirir. Biz iyirmi ildən artıqdır ki, təcavüz və işğaldan əziyyət çəkirik. Ərazilərimizin 20 faizi işğal altındadır. İnsanlarımızdan savayı, təbiətimiz də əziyyət çəkir. Çünki hər hansı beynəlxalq nəzarət altında olmayan bu ərazilərdə çoxlu qeyri-qanuni fəaliyyətlər, xüsusilə meşələrin qırılması baş verir. Çünki bu ərazilər öz qədim ağac və meşələri ilə çox məşhurdur. İndi isə bu meşələr kommersiya məqsədləri üçün kəsilir.”

İlham Əliyev daha sonra deyib:

“Biz ağac əkirik. Biz hər il milyonlarla ağac əkirik. Biz qazlaşdırma siyasətini davam etdiririk. Bu gün biz elektrik enerjisinin generasiyası üçün əsasən sudan və qazdan istifadə edirik. Baxmayaraq ki, Azərbaycanın Kioto protokoluna əsasən heç bir öhdəliyi yoxdur. Bu, bizim bu işə töhfəmizdir. Biz bu məsələyə çox sadiqik".