Qəzetlər həbsxanalardakı vəziyyətdən həyəcan dolu yazılar verir

Həbsxana

-

Həbsxanalarda vəziyyət və bütünlükdə ölkədə insan haqları medianın aparıcı mövzusudur.

Rəsmi «Xalq qəzeti», «Respublika» və «Azərbaycan» qəzetləri ölkədə inkişafı əks etdirən yazılar dərc edirlər. Qeyd olunur ki, hökumətin iqtisadi yönlü qərarları ölkədə iqtisadi dirçəlişə xidmət edir. «Azərbaycan» qəzeti ölkədə kiçik və orta sahibkarlığın inkişafı üçün Almaniya təcrübəsinin öyrənildiyinə diqqət çəkir. Qəzetin 15 fevral sayında «İqtisadiyyatda alman möcüzəsi» adlı məqalə dərc edilib.

ÖLKƏ HƏBSXANALARI İŞGƏNCƏ YUVASINA ÇEVRİLİR

Bəzi müxalif qəzetlər isə həbsxanalarda müəmmalı ölüm hallarından bəhs edirlər. Bu mövzuda olan məqalələrdə qeyd edilir ki, son günlərdə 6 saylı həbsxanada iki məhkum döyülərək öldürülüb. «Azadlıq» qəzeti bu mövzuda «Ölkə həbsxanaları işgəncə yuvasına çevrilir» adlı məqalə də dərc edib.

Həmin məqalədə yazılır ki, hakimiyyət Ağ Evi tənqid edəndə arqument kimi Quantanamo həbsxanasını göstərir. «Azadlıq» qəzeti ölüm hallarının baş verdiyi həbsxananı «Azərbaycan Quantanamo»su adlandırır:

«Ölkə həbsxanalarında baş verənlər göstərir ki, Azərbaycan özü Quantanamoya çevrilib. Ölkə həbsxanalarında acınacaqlı vəziyyətlə bağlı tez-tez ortaya faktlar çıxır və məhbusların öldürülməsinin şahidi oluruq».

Daha sonra məqalədə yazılır ki, bir müddət öncə 14 saylı həbsxanada məhbus Elşad Babayev ölüb, bu ölümə etiraz edən dustaqlar da işgəncəyə məruz qalıblar. Üstəlik, dustaqlardan Sübhay İbrahimov isə intihar edib:

Həbs

«6 saylı cəzaçəkmə müəssisəsində baş verən hadisə isə həbsxanalarda hüquqsuzluğun, məsuliyyətsizliyin, nəzarətsizliyin daha bir sübutudur…Amma Azərbaycan reallığında bütün bunlar təbiidir. Əgər ölkədə generallar məxfi həbsxana saxlaya bilirsə, əgər başda oturanların sifarişiylə günahsız adamlar həbs olunursa, deməli, istənilən məhbusu öldürmək sadə bir işdir. Bu ənənəni hökumət özü yaradıb. Leyla Yunusu həbsxanada döydürən, Hacı Taleh Bağırzadəyə işgəncə verdirən hökumət digər qanunsuzluqlara «yaşıl işıq» yandırıb».

RÜŞVƏTLƏ BAĞLIHAY-KÜYLÜ MƏHKƏMƏ GÖZLƏNİLİR...

Vəkil Adəm Məmmədov hay-küy yaradacaq məhkəmə prosesinin başlanacağının anonsunu verib. Xəbəri modern.az saytı yayıb.

Adəm Məmmədov icra başçısının müavini təyin ediləcəyi adı ilə bir şəxsin 170 min dollar pulunun alındığını bildirir.

«Çox səs-küyə səbəb olan bir işlə bağlı müqavilə bağladım. Hüquqlarını müdafiə etdiyim şəxsi icra başçısının müavini vəzifəsinə təyin etmək adı ilə 170 min ABS dollarını aldadıb alıblar. Aldadan şəxs komitə sədri olan xanımdır və ən çox təəccübə səbəb olan da budur. Komitənin aparat rəhbəri isə göstərilən səbəbdən bu yaxınlarda ölkədən qaçıb»,-deyə vəkil Adəm Məmmədov bildirib.

Lakin vəkil konkret ad çəkməyib və hələlik söhbətin kimlərdən getdiyini açıqlamayıb.

Hikmət Hacızadə

İQTİSADİ İSLAHATLARLA YANAŞI, SİYASİ İSLAHATLARA DA EHTİYAC VAR

«Demokratik seçkilər keçirilməsinin siyasi böhran yaradacağından söhbət gedə bilməz». Bunu politoloq Hikmət Hacızadə «Yeni Müsavat» qəzetinə müsahibəsində deyib. Müsahibədə Hikmət Hacızadə deyir:

«Manatın indiki durumu sabitliyə ən böyük təhlükədir. Bu təhlükələrin meydana çıxması bərbad idarəçiliyin nəticəsidir. Sabitliyin pozulacağı ehtimalları rüşvətxorluq, korrupsiya ilə ölkənin idarə edilməsindən qaynaqlanır. Parlament buraxılarsa, demokratik seçkilər keçirlərsə, heç bir siyasi böhrandan söhbət gedə bilməz».

«İqtisadi islahatlarla yanaşı, siyasi islahatlara da böyük ehtiyac var». Bunu isə qəzetə politoloq Natiq Miri bildirib. Onun fikrincə, bu gün manatın təhlükəsizliyini təmin etmək və siyasi yöndə islahatlar bir-birini şərtləndirən amillərdir.
«Sadəcə olaraq ardıcıl islahatlar aparmaq zərurəti yaranıb. Parlamentin buraxılması və yeni seçkilərin keçirilməsi həyati məsələ deyil. Amma iqtisadi islahatlarla yanaşı, siyasi islahatlara da böyük ehtiyac var. Çünki siyasi islahatlar aparılmadan iqtisadi böhranla bağlı görülən işlər müsbət sonluqla nəticələnə bilməz» - deyə N.Miri mövqeyini izah edir.