Büdcəyə özəlləşdirmədən 1 milyard gəlib

Manat

-

«1996-cı ildən bir sıra nazirlik, dövlət komitəsi, konsern və şirkətlər ləğv edilib. Onların tabeliyindəki müəssisə və obyektlər özəlləşdirməyə açıq elan olunub. Bununla da özəlləşdirmənin daha sürətli və çevik formada aparılması üçün zəmin formalaşdırılıb».

«Report» xəbərinə görə, bu fikriləri Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov deyib.

Sədr müavini qeyd edib ki, özəlləşdirmənin başlandığı dövrdən indiyədək xidmət, iaşə, ticarət sahələrinə aid 50 minə yaxın kiçik dövlət müəssisə və obyekti özəlləşdirilib:

«Bu proses zamanı orta və iri dövlət müəssisələrinin bazasında 1600-ə yaxın səhmdar cəmiyyəti yaradılaraq sonradan özəlləşdirilib».

R.Şahbazov bildirib ki, indiyədək müəssisə və obyektlərin özəlləşdirilməsindən dövlət büdcəsinə təxminən 1 milyard manat vəsait daxil olub:

«Bu da müvafiq qaydada ölkənin sosial-iqtisadi problemlərinin həllinə yönəldilib. Bundan əlavə, 100-ə yaxın dövlət müəssisə və obyekti investisiya müsabiqələri vasitəsilə özəlləşdirilib. Bu isə müəssisələrin və cəlb edilən investorların fəaliyyəti üçün əlverişli şərait yaradıb. İnvestisiya müsabiqələrinin qalibləri həmin müəssisələrdə istehsal fəaliyyətinin bərpası, iş yerlərinin açılması, yeni texnologiyaların və idarəetmə təcrübəsinin tətbiqinə 1 milyard manatdan çox investisiya qoyublar».