NATO Rusiyanı ittiham edir

Suriyada dağılmış xəstəxana

-

NATO Rusiyanın Suriyada xəstəxanalara və məktəblərə hava zərbələri endirməsini pisləyib.

BMT bildirir ki, fevralın 15-də Suriyanın şimalında beş tibb müəssisəsinə və iki məktəbə hücumlarda azı 50 nəfər həlak olub. Sərhədsiz Həkimlər (MSF) təşkilatı zərbələrdən birinin onların klinikasına dəydiyini, azı 7 nəfərin həlak olduğunu deyir.

BMT-nin Baş katibi Ban Ki-moon hücumları “beynəlxalq qanunların kobud pozuntusu” adlandırıb.

ABŞ Dövlət Departamentinin yaydığı açıqlamada deyilir ki, bu hava zərbələri “Rusiyanın Suriya rejiminin öz xalqına qarşı qəddarlığına son qoymaq istəyini” şübhə altına alır.

Türkiyə Xarici İşlər Nazirliyi bu zərbələrin açıq-aşkar “müharibə cinayətləri” olduğunu söyləyib, xəbərdarlıq edib ki, Rusiya hücumlara son qoymasa, ciddi fəsadlarla üzləşə bilər.