-
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı fevralın 27-də oynanılacaq “Toska” operasına xaricdən ulduzlar dəvət edəcək.
Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, Opera və Balet Teatrının növbəti qonaqları Türkiyənin “qızıl səsli sopranosu” Deniz Yetim (Toska) və Belorusun Əməkdar artisti Vladimir Qromov (Skarpia) olacaq.
Onlar C. Puççininin “Toska” operasının tamaşasında iştirak etmək üçün dəvət olunublar.
Deniz Yetim İstanbul Opera və Balet Teatrının aparıcı solistidir.
Bir sıra beynəlxalq müsabiqələrin qalibi olan Deniz Yetim Bakıda keçirilən Vokalçıların Bülbül adına VI beynəlxalq müsabiqəsinin Qran-Pri mükafatına da layiq görülüb.
Dünyanın bir çox ölkələrində ən mötəbər teatr və konsert səhnələrində çıxış edən Deniz Yetimin ifası bakılı sənətsevərlərə də tanışdlr.
2014-cü və 2015-ci illərdə onun opera səhnəsindəki parlaq çıxışlarını tamaşaçılar yəqin ki, unutmayıblar.
Fevralın 27-də oynanılacaq “Toska” operasının tamaşasında Azərbaycan Opera və Balet Teatrının ən istedadlı solistləri – Fərid Əliyev (Kavaradossi), Əkrəm Poladov (Cəllad), Cahangir Qurbanov (Anjelotti) və Əli Əsgərov də iştirak edəcəklər.
Dirijor Azərbaycanın Xalq Artisti, Dövlət Mükafatı laureatı, professor Rauf Abdullayevdir.