“Paşa Development” bir az da böyüdü

-

Azərbaycanın ən iri daşınmaz əmlak idarəedicisi olan “Paşa Development” şirkəti kapitalını 40 milyon manat artırıb. Bu məlumat Vergilər Nazirliyinin kommersiya hədəfli hüquqi şəxslərə aid dövlət reyestrində əksini tapıb.

Son 3 ildə şirkətin kapitalı 17 dəfədən çox artıb və 286 milyon manatı ötüb. Bir müddət öncə şirkət 20 milyon manat kapitala sahib “İndeks” MMC-ni “içində əritdiyini” bildirmişdi. Beləliklə, bu şirkətin inkişaf sürətinə dünyanın bir çox biznes qurumu qibtə edə bilər.

Şirkət rəhbərliyi kapital artımının mənbəyi, eləcə də mülkiyyət və idarəçiliyində olan əmlakın coğrafiyasına dair AzadlıqRadiosunun sorğusuna cavab verməyib.

2012-ci ilin yayında yaradılan “Paşa Development” MMC eyni firma adını daşıyan holdinqə daxıldir. Şirkət 100 faiz olmaqla, “Paşa Holding” MMC-nin mülkiyyətindədir.