“Köçməsəniz qaz, su, elektrik olmayacaq”

-

Yasamal rayon icra hakimiyyəti M.A.Əliyev küçəsi 150 və 152 saylı binaların sakinlərinə mənzilləri təcili boşaltmaq xəbərdarlığı edib. Xəbəri “Müsavat.com” yayıb.

Xəbərdarlıqda binalar son dərəcə qəzalı olduğundan sakinlərin köçürülməsinə zərurət yarandığı vurğulanır.

Ödəniləcək kompensasiyaya görə isə, 42 saylı MİS-ə müraciət etmək tövsiyə olunur.

Sakinlərin verdiyi məlumata görə, xəbərdarlıq blankında sakinlərin harada məskunlaşması, kompensasiyanın necə ödənilməsi ilə bağlı heç bir bilgi yoxdur.

Bilgidə söküntü işlərini həyata keçirən və kompensasiyanı ödəməli olan qurum kimi tikinti şirkəti “Kristal” MMC göstərilir.

Bina sakinləri belə qərarın verilməsini gözlənilməz sayaraq mənzilləri bir həftəyə boşaltmağı olduqca çətin iş hesab edirlər. Üstəlik kompensasiyaların verilməsi prosesində qeyri müəyyənlik var. Bu səbəbdən də sakinlərin əksəriyyəti mənzillərindən tələsik çıxmaq niyyətində deyil.

Amma bina sakinlərinə mənzilləri göstərilən müddətdə tərk etmədikləri halda işıq, su və qaz verilməsinin kəsiləcəyi xəbərdarlığı edilib. Bu səbəbdən bina sakinləri ilə şirkət rəhbərliyi arasında gərginlik yaşanır.