İŞİD qloballaşır

İŞİD-çi

-

Qərbin təhlükəsizlik rəsmiləri daim nigaran idilər ki, İraqdan, ya Suriyadan qayıdan vətəndaşları «tənha canavar» sayağı terror hücumları təşkil edərlər. Ancaq Misirdə partlayan Rusiya təyyarəsində 224 nəfərin ölümünə səbəb olan hücumu «tənha canavar» deyil, bambaşqa bir vəhşi heyvan törətdi: heç İŞİD («İslam Dövləti» silahlı qruplaşması) də yox, İŞİD-in bir qanadı. Bu qanad İŞİD-in lideri Abu Bakr al-Baghdadi-yə sadiqliyini elan edib. İŞİD bu qruplara «vilayət» deyir.

«Foreign Affairs» dərgisində Daniel Byman yazır ki, İŞİD-lə mübarizə onun qanadlarını vurmaqla aparılmalıdır. «Son hadisələr İŞİD «vilayət»lərinin özlərini qrupun İraq və Suriyadakı liderlərinə bağladığını göstərir. Beləliklə, İŞİD-in coğrafi baxımdan sürətlə genişləndiyi üzə çıxır», - yazan müəllif bu ekspansiyanın gözlənilməz olmadığını da qeyd edir. 2001-ci ilin 11 Sentyabr terrorundan sonra «əl-Qaidə»nin bir sıra qanadları ölçüsünə və əhəmiyyətinə görə mərkəzi komandanlığı üstələyib. Ərəb Yarımadasındakı «əl-Qaidə» (AQAP) bir neçə dəfə ABŞ təyyarələrini vurmağa çalışıb. AQAP 2015-ci ildə Parisdə «Charlie Hebdo» terroruna görə məsuliyyəti üzərinə götürüb. Elə İŞİD-in özü də «əl-Qaidə» qruplaşması kimi üzə çıxmayıbmı?

Müəllif bu «vilayət»lərin Qərbin maraqlarına ciddi təhlükə yaratdığını, ancaq Birləşmiş Ştatlar və müttəfiqlərinin hələ təzəlikcə onları antiterror strategiyasına saldığını vurğulayır.

Pentaqon artıq təhlükəni ciddiyə almağa başlayıb, Afrika, Asiya və Yaxın Şərqdə əlavə hərbi bazalar qurmağı planlayır. Ancaq ABŞ və müttəfiqləri daha çox işləməli, İŞİD-in müxtəlif törəmələrinin məhvini hədəfləyən bitkin strategiya hazırlamalıdırlar. Vaşinqton İŞİD-in İraq və Suriyadakı rəhbərliyi ilə uzaq qanadları arasında mümkün gərginlikdən faydalana bilər. «Əl-Qaidə» törəmələri sonucda mərkəz üçün bir yükə çevrilir, resurslar tələb edir, göstərişləri gözardı edir:

«Birləşmiş Ştatlar əsas qruplarla «vilayət»lər arasındakı kommunikasiyanı kəsməli, törəmələri birbaşa vurmalıdır. Qərb İŞİD-i məğlub etsə belə, ancaq görünən tərəflə deyil, bütün qrupla savaşmalıdır».

Makedoniyada qaçqınlar.

NATO VƏ AVROPANIN QAÇQIN BÖHRANI

«The New York Times» qəzeti yazır ki, NATO patrul gəmilərinin Egey dənizində keşik çəkməsi qaçqın böhranından əziyyət çəkən ölkələrə bir həmrəylik simvoludur. Ancaq eyni zamanda böhranın dərinliyini, alyansın Avropanın yanında yer aldığını göstərir. Amma Almaniya, Yunanısan və Türkiyə NATO-ya təkcə qaçqınların təhlükəsizliyinə görə üz tutmadı. Səbəb daha çox siyasidir: qaçqın axınının azalmayacağı sarıdan qorxudur. Türkiyə prezidenti Recep Tayyip Erdoğan Avropaya milyonlarla qaçqın göndərməklə hədələyib.

Almaniya kansleri Angela Merkel-dən ötrü bu, çox vacib məsələdir. «Açıq qapı» siyasəti ucbatından ölkəsində populyarlığı azalıb. İqtisadi çətinliklər yaşayan, eyni zamanda günə 2 min qaçqın qəbul edən Yunanıstanı Avropa Birliyi miqrantların müraciətlərinə operativ baxmamaqda qınayır. Yunanıstanın qəbul mərkəzlərində standartlar isə aşağıdır və Afina bu mərkəzləri təkmilləşdirəcəyini bildirir.

«Ancaq Avropa Birliyi də dediyinə əməl etmədən Türkiyə və Yunanıstandan nəsə gözləyə bilməz. Avropa Türkiyədə qaçqınların saxlanması, onların Avropaya yollanmaması üçün bu ölkəyə 3 milyard avro (3.34 milyard dollar) verməlidir. Bu həftə Avropa İttifaqı Şurası toplaşır və üzv ölkələrin Yunanıstan və İtaliyada qalan 160 min miqrantı qəbul etmək vədlərini yerinə yetirməsini istəmələdir. Ötən şənbə Fransanın Baş naziri Manuel Valls Almaniyanın kvota sisteminə «yox» deyib, bu, blokdakı digər ölkələrə də güclü mesaj deməkdir», - yazıda qeyd olunur.

Ukrayna hərbçiləri.

UKRAYNADA DÖYÜŞLƏR GÜCLƏNİB

«Dünya güclərinin diqqəti Suriya münaqişəsinə cəmləşdikcə, Ukraynada müharibə sürməkdədir. Beynəlxalq monitorinq təşkilatlarının və cəbhə xəttindəki əsgərlərin sözlərinə görə, son aylar döyüşlər yeni həddə çatıb». «The Washington Post» qəzetində Thomas Gibbons-Neff bazar ertəsi Ukraynada 3 əsgərin öldüyünü, 6 nəfərin yaralandığını yazır.

«Minsk atəşkəs sazişi ötən ilin sonunadək icra olunmalıydı, ancaq bu ilə keçib. Ukrayna və Rusiya hökumətləri bir-birini sazişə əməl etməməkdə günahlandırır. Rusiya Ukraynanın şərqində sərhədə nəzarəti Kiyevə verməlidir. Ukraynanın isə işğal olunmuş ərazilərdə seçki keçirmək vədi yerinə yetirilməmiş qalıb».

«Hərbsizləşdirilmiş zonalarda dinc sakinlər elektriksiz, qorxu-ürkü içində yaşayır. 2014-cü ilin martından ötən ilin martınadək Donetsk və Luqanskda 109 uşaq minaya düşərək əlilə çevrilib. UNICEF 42 uşağın öldüyünü bildirir. Ötən ilin avqustuna olan statistikaya görə, Ukraynada 1.4 milyon məcburi köçkün var. Münaqişədə 9 min nəfər həlak olub».

Müəllif müharibənin ikinci ildönümü ərəfəsində Kiyev hökumətinin sistematik korrupsiya ilə də çarpışdığını vurğulayır.