"Haaqa Məhkəməsi Xocalı işinə baxa bilməz"

-

Xocalı faciəsinin beynəlxalq Haaqa məhkəməsinə çıxarılmamasının səbəbləri də fevralın 17-də parlamentdə keçirilən tədbirdə müzakirə edilib. Xəbəri APA yayıb.

Parlamentin inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov məhkəməni ikili standartlarda qınayıb. Nizami Səfərov deyib:
“Haaqada Yuqoslaviya hadisəsi ilə bağlı bölmə fəaliyyət göstərir. Bu, sırf 90-cı illərin əvvəlində orada baş verən hadisələri araşdırır. Ruanda hadisəsi ilə bağlı tribunal da var. Livanın baş nazirinə qarşı sui-qəsdlə bağlı da məhkəmə var. Bir də beynəlxalq cinayət məhkəməsi fəaliyyət göstərir ki, bu da 2000-ci ildən sonrakı hadisələri araşdırır. Çox təəssüf ki, Xocalını araşdıra biləcək hüquqi orqan yoxdur.Halbu ki, bir nəfərin ölümü ilə bağlı orada məhkəmə orqanı var. Bu, ikili standartların nəticəsidir” - deyə parlament təmsilçisi deyib

Millət vəkili Qüdrət Həsənquliyev isə N.Səfərovun dedikləri ilə razılaşmayıb.

“Biz Haaqa məhkəməsində beynəlxalq cinayətlərlə bağlı nizamnaməni ratifikasiya etməliyik. Bunu ratifikasiya etmiriksə, Xocalı ilə bağlı necə müraciət edə bilərik?”

Deputat deyib ki, Xocalı hadisələrinə baxılması üçün Haaqa məhkəməsində aidiyyəti orqanın yaradılması məsələsi çoxdan qaldırılmalı idi.