-
Azərbaycanın 2015-ci ilin sonuna kimi olan xarici dövlət borcu açıqlanıb. Bu 6,894.3 milyon dollardır (10,751.0 milyon manat).
Bu haqda Maliyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, xarici dövlət borcunun ümumi daxili məhsula olan nisbəti 19.8 faiz təşkil edir.
Xarici dövlət borcuna hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanəti ilə cəlb edilən kreditlər üzrə şərti öhdəliklər daxil edilib.
Maliyyə Nazirliyi bildirir ki, xarici borc vəsaitlərinin 58 faizi 10 ilə, 32 faizi 10 ildən 20 ilə, 8 faizi isə 20 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.
Xarici borcların əsas hissəsi dollarladır - 66 faiz. Borcların 20 faizdən çoxu isə avro ilədir.
Xarici borcu yaradan vəsaitlər əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyindən cəlb edilib.
Maliyyə Nazirliyi bu vəsaitlərin iqtisadi islahatlar proqramlarının dəstəklənməsinə, infrastrukturun bərpası və yenidən qurulmasına yönəldildiyini bildirir. Bundan başqa borclar yol tikintisinə, regionların su təchizatının yaxşılaşdırılmasına və dəmir yolu nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsinə sərf edilib.
2015-ci ilin 1 oktyabrı ilə müqayisədə xarici borc 163.4 milyon dollar artıb.