Müxalifət yenidən “böhran”ı  müzakirə elədi...

-

Bu gün ölkə müxalifəti iqtisadi-siyasi vəziyyətlə bağlı ikinci geniş toplantısını keçirib.

“Yeni Müsavat” saytı xəbər verir ki, ADP-nin qərargahında keçirilən tədbirdə müxtəlif partiyaların təmsilçiləri, ictimaiyyət nümayəndələri, ziyalılar və QHT təmsilçiləri iştirak ediblər.

Ölkədə maliyyə-iqtisadi böhranın dərinləşdiyini qeyd edən müxalifət ciddi islahatların vacibliyini bildirib.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu bildirib ki, müxalifətin böhranla bağlı yaratdığı işçi qrup artıq təkliflərini hazırlayıb.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn isə deyib ki, müxalifət bu vəziyyətdə islahatların aparılmasını istəyir:

“Həmçinin hakimiyyətlə müxalifət arasında dialoqu vacib sayırıq. Siyasi manipulyasiya məqsədilə bunun edilməsi düzgün deyil. Hakimiyyətin könüllü şəkildə real islahatara getməyəcəyi bilinir”.

Politoloq Ərəstun Oruclu bildirib ki, hakimiyyət beynəlxalq aləmdən gələn təzyiqlərə əməl etmək istəmir:

“Bunu zəiflik əlaməti hesab edir ki, bundan da ölkəyə ikitərəfli ziyan dəyir.”

Başqa çıxışlarda isə işsizlikdən, ümumi daxili məhsulun azalmasından, manatın nominal olaraq dəyərsizləşməsindən danışıb.

Bundan əvvəl Milli Şura və Milli Strateji Düşüncə Mərkəzi də eyni mövzuda toplantılar keçirərək hakimiyyətə təkliflərini vermişdi. Həmin təkliflərdə parlamentin buraxılması, yeni parlament və prezident seçkilərinin keçirilməsi istənilirdi. Bundan başqa müxalifət konstitusiya islahatlarının keçirilməsini tələb edirdi.