-
Fevralın 23-də Pentaqon ABŞ-ın Kubadakı Quantanamo həbsxanasını bağlamasına dair çoxdan gözlənilən hesabatı açıqlayacaq.
Pentaqonun sözçüsü Jeff Davis deyib ki, hesabat üçün qoyulmuş son tarixə əməl etmək niyyətindədirlər.
Bu həbsxana 2002-ci ildə, Prezident George W. Bush dönəmində açılıb, Əfqanıstan müharibəsində əsir götürülənlər oraya aparılıb. Həbsxanadakılara illərlə ittiham irəli sürülməyib, ABŞ vətəndaşlarına aid hüquqlardan istifadə edə bilməyiblər.
Prezident Barack Obama vəzifəyə gələndən Quantanamonu bağlamaq istəyir, ancaq Konqresdə sərt müxalifətlə üzləşib.
Hazırda həbsxanada 780 məhbusdan 91-i qalıb. Onlardan 50-si çox təhlükəli hesab olunur.
Konqresin dəstəyini qazanmaqdan ötrü Obama həmin məhbusların ABŞ-dakı digər həbsxanalara necə yerləşdiriləcəyini göstərməli olacaq. Pentaqonun hesabatında bu məhbusların digər yerlərdə saxlanmasının neçəyə başa gələcəyinin də açıqlanacağı gözlənilir.