Almaniyadan Kiyevə çağırış

Frank-Walter Steinmeier (sağda) və Fransanın xarici işlər naziri Jean-Marc Ayrault

-

Ukraynanın hakim koalisiyasındakı partiyaların savaşı hökumətin Minsk razılaşması çərçivəsində öhdəliklərinin icrasına əngəl olmamalıdır. Bu bəyanatla fevralın 23-də Kiyevdə Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier çıxış edib.

Ukrayna və Fransadan olan həmkarları ilə birgə mətbuat konfransında Steinmeier deyib ki, Rusiya da Minsk sazişinin icrasına hazır olmalıdır.

O, Almaniya və Fransanın Ukraynanın islahat səylərini dəstəkləməkdə davam etdiyini bəyan edib. Ancaq onu da əlavə edib ki, Kiyevdən iqtisadiyyatın dirçəlməsindən ötrü islahatlar gözləyirlər.

Steinmeier xəbərdarlıq edib ki, Beynəlxalq Valyuta Fondu Ukraynaya əlavə kreditlərin ayrılması üçün siyasi sabitlik istəyir.

Kiyev Rusiyanın Minsk sazişini pozduğunu, ölkənin şərqinə əsgərlər və silah göndərdiyini bildirir. Ancaq Ukrayna da hələlik vədinə əməl etməyib, şərq regionlarına daha geniş muxtariyyət verəcək islahatları həyata keçirməyib.