Obama atəşkəs razılaşmasını alqışlayıb

Barack Obama

ABŞ prezidenti Barack Obama fevralın 22-də telefonla rusiyalı həmkarı Vladimir Putinlə Suriya ilə bağlı atəşkəs razılaşmasını müzakirə edib.

Danışıq Kremlin istəyi ilə baş tutub.

Bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.

Obama ABŞ-la Moskva, habelə Suriya ilə bağlı beynəlxalq əlaqə qrupunun digər üzvləri arasında əldə edilmiş atəşkəs razılaşmasını alqışlayıb.

Prezident qeyd edib ki, indi əsas məsələ Bashar Assad rejimi və silahlı müxalifətin buna müsbət cavab verməsidir.

Rusiya prezidenti Vladimir Putin bu razılaşmanın Suriyada qan tökülməsinə son qoyacaq real addım olduğunu bildirib.

Ağ Ev bunun icrasının çətin olacağını, amma “fürsət anı” olduğunu bildirib.

ABŞ Dövlət katibi John Kerry isə atəşkəs razılaşmasını alqışlayıb.

Dövlət katibi bütün tərəfləri bu razılaşmanı qəbul etməyə və onun bütün şərtlərinə əməl etməyə çağırıb.

Həmçinin Türkiyə Suriya ilə bağlı atəşkəs razılaşmasını alqışlayıb.

Bunu baş nazir müavini Numan Kurtulmuş Suriya ilə bağlı keçirdiyi mətbuat konfransında bəyan edib.