İxracatçılar çox satıb, az qazanırlar

-

Yanvar ayında Azərbaycandan kənd təsərrüfatı məhsullarının ixracatından əldə edilən gəlir 13,5 faiz artıb. Bəzi məhsulların ixracı daha çox artıb.

Kənd Təsərrüfatı Nazirliyindən AzadlıqRadiosuna deyiblər ki, yanvarda gerçəkləşdirilən ixracatdan 19 milyon 600 min dollar gəlir götürülüb. Bunun əsas hissəsini – 12 milyon 700 min dollarını meyvə istehsalçıları qazanıb. Bir ayda Azərbaycandan 11 min ton meyvə çıxarılıb.

Nazirlikdən Dövlət Gömrük Komitəsinə istinadla bildiriblər ki, qonşu bazarlarda yaranmış əlverişli imkandan yararlanan tərəvəz istehsalçıları istixana şəraitində yetişdirilən 3 min tona yaxın məhsul göndərərək, ixracatı 3,6 dəfə artırıblar. Di gəl, bir ton tərəvəzin (əsasən, pomidorun) satışından əldə edilən gəlir bir il öncəkindən 55 dollar az – 1043 dollar 80 sent olub.

Yanvarda çay (123,7 ton) və pambıq (1294,7 ton) ixracı da yüksəlib. Qablaşdırılmış çayın bir kiloqramı 5,4 dollar, pambığın bir tonu isə 1422 dollar 80 sent qazandırıb. Bir il əvvəl idxalçılar Azərbaycan çayına daha yuxarı qiymət – 7 dollar 60 sent, pambığa isə 1706 dollar ödəyirdilər.

Bu il Azərbaycanda tütünçülüyü genişləndirmək istəyirlər, ancaq yanvar ayı tütün emalçıları üçün elə də uğurlu keçməyib. İxrac olunan 260 ton tütünün hər tonu 4327 dollara satılıb. Halbuki ötən ilin yanvarında qiymətlər bundan 450 dollar baha idi.