Əmanətlərin Sığortalanması Fondu tükənir

Azad Cavadov

-

«Hazırda hesabımızda 70 mln. manat vəsait var və pulumuz bitən kimi Mərkəzi Bankından (MB) borc alacağıq».

«Report»a bu açıqlamanı Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Azad Cavadov verib.

A.Cavadov bildirib ki, sığorta hadisəsi baş verən bankların əmanətçilərinə hər gün təxminən 7 mln. manat kompensasiya ödənilir: «Agent bankların hesabına da pulları köçürmüşük və bundan əlavə 70 mln. manat pulumuz var. Bu gedişlə təxminən 10 günə Fondun pulu bitəcək. Paralel olaraq biz Mərkəzi Bankla danışıqlar aparırıq. Pulun alınması Mərkəzi Bankla razılaşdırılıb. Fondun pulu bitdikdə biz borc alacağıq».

İcraçı direktor deyib ki, Mərkəzi Bankdan vəsaitin cəlb edilməsi qısa müddət üçün nəzərdə tutulub. Həmin kreditin məbləği və faiz dərəcəsi dəqiqləşdirilir.

A.Cavadov «Texnika Bank»ın əmanətçilərinə 123 mln. manat kompensasiya ödəniləcəyini söyləyib: ««Texnika Bank»da bizə təqdim edilən 123 milyon 166 min 426 manat qorunan əmanətlərin hamısı kompensasiya ediləcək. «Bank of Azerbaijan»ın isə əmanətçilərinə ödəmələrin 95%-i bitib. İndi bu bankın əmanətçilərinə gündəlik 150-200 min manat kompensasiya ödənilir».

ADİF-in icraçı direktoru bir müddət əvvəl keçirdiyi mətbuat konfransında «Texnika Bank»ın əmanətçilərinin sığortalanan əmanətlərinin 79.344 mln. manatlıq hissəsinin qaytarılacağını söyləmişdi. Onun deməsinə görə, qalan 43.8 mln. manatlıq hissəsinin isə qaytarılması ilə bağlı araşdırma aparılır.

Bu ilin yanvarından ölkədə 7 bankın lisenziyası ləğv edilib. Sonradan onlardan birinin, «NBC Bank»ın lisenziyası bərpa edildi.

Bir neçə bank isə müflis elan edilib.

Fond həmin bankların sənədləri qaydasında olan əmanətçilərinin pullarının qaytarılmasına başlayıb.