-
SOCAR Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının (NHMT) “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən qəza ilə bağlı tənqidi məzmunlu hesabatını şərh edib.
SOCAR NHMT-nın hesabatında yer alan onlara yönəlik fikirlərin yanlış olduğunu bildirib.
SOCAR bildirir ki, qəza baş verən yataqda əmək və istehsalat intizamının, təhlükəsizlik qaydaları həmişə yerində olub. Pozulma halları qeydə alınmayıb. İş prosesi mövcud qanunvericiliyin tələblərinə uyğun olub. Hava şəraiti imkan vermədikdə işlər dayandırılıb. Qaydalara əsasən, Xəzər dənizində küləyin sürəti saniyədə 45 metr, dalğanın hündürlüyü 13 metr təşkil etdikdə işçilərin təxliyəsi nəzərdə tutulur. Hadisə baş verən gün isə, küləyin sürəti saniyədə 40 metr, dalğaların hündürlüyü isə 8-10 metr olub.
SOCAR “28 May” neft-qaz çıxarma idarəsinin 10 saylı dərin dəniz özülünün sahələrinin heç birində qaz sızma hadisəsinin qeydə alınmadığını bildirir:
"Bütün neft-qaz xətlərinə mütəxəssislər tərəfindən daim ciddi nəzarət olunur. Hər hansı çatışmazlıq aşkar olunarsa dərhal müvafiq tədbirlər görülür. Eləcə də, özüldə qüsurların qeydiyyatı və aradan qaldırılmasının uçotu aparılan xüsusi jurnal var. Hüquq-mühafizə orqanları dərhal bütün 6 qeydiyyat jurnalını hadisə yerindən götürüblər. Əgər elə bir hal olsaydı bunu gizlətmək mümkün olmazdı"
SOCAR-ın açıqlamasına görə, həlak olan və itkin düşən neftçilərin həyatı sığortalanıb. Onların ailələrinə sığorta təşkilatları ödəmələr həyata keçiriblər. Bundan əlavə, ailələrə həm dövlət, həm də SOCAR tərəfindən operativ olaraq maddi yardımlar göstərilib.
“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə qəza ilə əlaqədar dəymiş ziyanı mütəxəssislər araşdırır.
2015-ci il dekabrın 4-də «Günəşli» yatağında yanğın baş verib. Bu zaman 64 neftçidən 34 nəfər xilas edilib. 7 meyit dərhal aşkar edilib, sonra axtarış nəticəsində daha 6 meyit tapılıb. 17 neftçi hələ də itkin düşmüş sayılır və cəsədləri tapılmayıb.