«Apardığımız müzakirələrin əsas mövzusu insan hüquqlarıdır»

Federica Mogherini

-

«Yeni ikitərəfli saziş münasibətlərimizi daha çox inkişaf etdirə bilər. Bu da müsbət bir addım olacaq».

Bunu Avropa Birliyinin xarici işlər komissarı Federica Mogherini «Turan»a açıqlamasında deyib. O, Azərbaycanla «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində həm ikitərəfli, həm də çoxtərəfli əlaqələrin olduğunu bildirib.

«Azərbaycan Şərq tərəfdaşlığının həm ikitərəfli, həm də çoxtərəfli aspektində iştirak edir. İkitərəfli əsasda biz artıq müəyyən vaxtdır ki, öz münasibətlərimizi təkmilləşdirməyə çalışırıq. Yeni saziş vasitəsilə münasibətlərimizi tam gücü ilə inkişaf etdiririk. Bu istiqamətdə məsləhətləşmələr aparılır və inanıram ki, tezliklə AB-ya üzv dövlətlərlə rəsmi danışıqların başlanması məsələsini müzakirə edə biləcəyik», - deyə F.Mogherini qeyd edib.

«İNSAN HÜQUQLARI BAKIYA SƏFƏRİMİN GÜNDƏLİYİNDƏDİR...»

F.Mogherini insan hüquqlarına hörmət bəsləməyin Birliyin fundamental dəyəri olduğunu vurğulayıb:

«İnsan hüquqlarının müdafiəsi, təşviqi və onlara hörmət bəslənməsi tərəfdaş ölkələrin hər biri ilə apardığımız işin mərkəzində durur. Azərbaycan da istisna hal deyil. Azərbaycana gəldikdə, Brüsseldə, Bakıya səfirimizdə və ya AB-nin xüsusi nümayəndəsi vasitəsilə apardığımız müzakirələrdə əsas mövzu insan hüquqları ilə bağlıdır. İnsan hüquqları Bakıya baş tutan səfərimin də gündəliyində duran məsələdir. Burada mən hakimiyyət orqanları, eləcə də vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcəyəm».

«CƏNUB QAZ DƏHLİZİ» AVROPA BİRLİYİ ÜÇÜN ƏSAS PRİORİTETDİR

Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində rolu ilə bağlı danışan F.Mogherini bildirib ki, Avropa Birliyi öz enerji mənbələrinin diversifikasiyası üzərində çalışır:

«Öz zəngin təbii ehtiyatları ilə Azərbaycan Avropa Birliyinin mühüm və etibarlı enerji təminatçısıdır və ümidvarıq ki, «Cənub Qaz Dəhlizi»nin tamamlanması ilə onun əhəmiyyəti daha da artacaq. Bu layihə Avropa Birliyi üçün əsas prioritetdir. Biz bu prioritetə tam şəkildə ciddi yanaşırıq. Layihənin vaxtında tamamlanmasına mane ola biləcək istənilən maneənin aradan qaldırılması istiqamətində fəal işləyirik».

AVROPA BİRLİYİ QARABAĞ MƏSƏLƏSİNDƏ MİNSK QRUPUNUN SƏYLƏRİNİ DƏSTƏKLƏYİR

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı F.Mogherini deyib ki, davamlı olaraq siyasi həll yolunun tapılması istiqamətində Minsk Qrupunun həmsədrlərinin göstərdiyi cəhdləri dəstəkləyirlər: «Mühitin yaxşılaşmasına töhfə vermək, danışıqları intensivləşdirmək üçün bizə lazım olan məsələ yerdə polemika və gərginliyin azalmasıdır. Əhalini sülhə hazırlamaq lazımdır. Hər zaman olduğu kimi, sülhün qurulması tədbirlərini və insanlar arasında əlaqələrin yaranmasını dəstəkləməklə ATƏT-in Minsk Qrupunun cəhdlərini tamamlamağa hazırıq».