Məşhur Norveç yazıçısı. Özüm haqda yazmaq biabırçılığı

Karl Ove Knausgaard

-


"Mənim mübarizəm" adlı 6 avtobioqrafik roman müəllifi, məşhur Norveç yazıçısı Karl Ove Knausgaard bu məqaləsində yazıçılıq sənətinin vacib bir məsələsini nəzərdən keçirir: Özünü yazıda kamuflyaj etmək.

Karl Ove Knausgard

Özüm haqda yazmaq biabırçılığı

"Mənim mübarizəm" kitablarının ingiliscə nəşri

18 il bundan qabaq yay vaxtı bir maşında qardaşımla oturmuşdum.

Atamın doğulub böyüdüyü Kristiansand qəsəbəsində, yolayrıcında dayanmışdıq, qabaqdakı maşınların keçməsini gözləyirdik ki, biz də qaza basaq.

İsti və tutqun, buludlu hava idi. Yağış çisələməyə başladı. Qardaşım şüşəsilənləri qoşdu, sonra, dəqiq yadımdadı, mənə baxmadan dedi: “Bu barədə yaza bilərsən. Heç kəs inanmayacaq onsuz da.”

Biz Kristiansand qəsəbəsindəydik, çünki atam ölmüşdü. Qardaşımın "yaz" dediyi də atamın ölüm şəraiti idi.

Ömrünün son illərində heç birimiz onunla əlaqə saxlamamışdıq, hərçənd, onun başına müxtəlif qəribə şeylər gəldiyini bilirdik; bir dəfə bizə məlumat vermişdilər ki, o, itib. Polis onu axtarıb, bir neçə gün sonra xəstəxanada tapmışdı. Gəzə bilmirmiş, müvəqqəti iflic keçiribmiş, bu səbəbdən onu alkoqoliklər üçün müalicə evinə göndərmişdilər, – gözümüzdən uzaqda olmuşdu bütün bunlar, odur ki, mücərrəd gəlirdi bizə.

Atamızın içki düşkünü olduğunu bilirdik, amma konkret nə baş verdiyini bilmirdik. Heç bilmək də istəmirdik.

Bir dəfə əmim atama zəng etdi və bizə dedi ki, gərək nə isə edək, atamızın qayğısına qalaq, bizsə cavab verdik ki, yox, belə bir fikrimiz yoxdur, qoy özü özünə baxsın.

Odur ki, sürpriz olmadı onun ölüm xəbərini almaq. Şok hadisə onda oldu ki, biz Kristiansand qəsəbəsinin içərisinə girdik, onun böyüdüyü, son illərdə anasıyla, yəni bizim nənəmizlə birgə yaşadığı evə yaxınlaşdıq.

Hər tərəf şüşəydi, döşəmə, pilləkən, masalar, şkaflar büsbütün araq şüşələriydi, bir zamanlar uşaq olanda tez-tez getdiyimiz o gözəl ev uçulub dağılırdı. Yanpörtü əyilmişdi.

Nənəmiz atamı stulunda ölü tapmış, çaşıb qalmışdı. O, skelet kimi arıq qarı, elə çaşqınlıq içindəydi ki, biz ondan nə baş verdiyini soruşanda dedi ki, onu səhər ölü tapıb, sonra isə “yox, axşam idi” dedi.

İbadətxanaya atamızı sonuncu dəfə görməyə gedəndə onun burnunun sınıq olduğunu gördük, üzünün məsamələrində dəfn bürosu yuyucularının apara bilmədiyi qan vardı.

Əslində nə baş vermişdi o evdə? Bu sualın cavabı tamam qaranlıq idi. Mən durmadan ağlayırdım. Atama qarşı həmişə hiss etdiyim, mənlə yaşıd olan nifrət hissi keçib getmişdi. Mən onun üçün, özüm üçün, bizim üçün ağlayırdım.

Emosional xaosun ortasında yalnız bir fikir dəyişməz idi, nə gördüyümdən, nə hiss etdiyimdən asılı olmayaraq, bütün bunlar haqda yazacağımı başa düşürdüm. Başa düşürdüm ki, bu əla bir hekayətdir.

29 yaşındaydım və çantamda həmin payız nəşr olunacaq romanın əlyazması vardı. Qardaşım onu oxumuşdu, oxuyan kimi demişdi ki, atam mənim yaxamdan yapışacaq. Hər nə qədər roman olsa da, kitabda atamın kifayət qədər aydın obrazı vardı, özünü tanıya və hirslənə bilərdi, qardaşım belə fikirləşirdi. Qardaşım maşında daha yaza biləcəyimi deyəndə bunu nəzərdə tutmuşdu.

Atamı dəfn elədik və həyatımızın axarına döndük. Romanım planlaşdırıldığı kimi çıxdı, ilk baxışdan kitabımın nəşr olunması mənim arzuma çatmağım demək idi, amma mən heç bir sevinc hiss etmirdim, çünki atamın ölümündən sonra romanı onun üçün yazmalı olduğumu anlamışdım.

Növbəti beş ildə mən Kristiansanddakı ev, atamın son illəri və ölümü haqda yazmağa çalışdım. Amma alınmadı. 800 səhifə giriş oldu, heç bir səhifə o günlərdə içindən keçdiyim işığı və qaranlığı əks etdirmirdi, heç biri ürəyimdən tikan çıxarmırdı, nə atamı, nə nənəmi, bir ölümün insanın həyata və dünyaya baxışını necə dəyişdirə biləcəyini göstərmirdi.

Ölüxanada atamı dəmir arabada uzanmış görəndə dünyanın materialı, bütün mövcudatın fiziki və maddi xassəsi dəyişdi mənim üçün, ətrafımdakı insanlar mənə qəflətən bədən, fiziologiya, biologiya kimi göründülər.

Beş il cəhd edəndən sonra başqa bir romana başladım, onu başa çatdırdım. Onun çapından sonra atamın hekayətinə geri döndüm, amma yenə ilişdim, onu yaza biləcəyimə artıq inanmırdım, inamsızlığımı özümə etiraf etmək gücümsə yox idi.

Hərb və Sülh. Romana illüstrasiya

Nəsr otağının qurulması ya böyük güc, ya da böyük biganəlik tələb edir. Nəsr otağı deyəndə nəyi nəzərdə tutduğumu başa düşmək üçün Tolstoyun “Hərb və Sülh” romanını oxumaq lazımdır.

Bu romanı iki dəfə oxumuşam, hər dəfə çətinə düşmüşəm, yalnız möhtəşəm romanları oxuyanda belə olur, – onlara real həyatda olduğundan daha çox və daha müxtəlif emosiyalar qoyursan.

Səhnələr çox fərqli yerlərdə qurulub: malikanələrdən şəhərlərə, bal salonlarından döyüş səhnələrinə qədər, bu roman müxtəlif nəzər nöqtələri, xarakterlər, müxtəlif təcrübələr üzərində qurulub, odur ki, qəhrəmanlar bir-birlərilə yeni yollarla üz-üzə gəlirlər, bir-birlərinin və öz həyatlarının ətrafında dolaşırlar, heç zaman tək olmurlar, özümüzün də xəbərimiz olmadan bizim - oxucu və yazıçının eyni vaxtda bu romandakı bütün nəzər nöqtələrinə girişimiz var.

İvan Turgenev

Sonuncu dəfə bu romanı oxuyandan sonra eyni dövrdən və eyni mədəniyyətdən bəhs edən başqa bir romanı oxumaqla onun buraxdığı izi doldurmaq istədim: Turgenevin “Bir ovçunun qeydləri”ni.

Burada “Hərb və Sülh”ü möhtəşəm roman edən cəhətlərin heç biri yox idi – nə hərəkət, nə intriqa, nə süjet, nə böyük səhnələr, ümumi inkişaf, nə qalxan, enən dalğalar, nə də mərkəzi qəhrəmanlar.

“Bir ovçunun qeydləri” hekayələr kitabıdır. Bir ovçunun görüşləri, yaşadığı təcrübələr ətrafındadır. Amma oxumağa başlayan kimi 1840-cı illər Rusiyası mühitini, Turgenevin təsvir etdiyi mənzərələrin və insanların real mənzərə və insanlar olması hissini aldım. Sanki Turgenevin nəsri romanın plastik qabını yırtır, o dünyanın bütün rəngləri, idiosinkratik xarakterlərilə birgə ətrafımı bürüməsinə yol verirdi.

O romandan autentiklik, dünyaya bənzər bir dünya yaratmaq necə ortaya çıxır, bilmirəm, amma bu, nadir bir şeydir, Tolstoydan fərqli olaraq, Turgenevin qəhrəmanlarının reallıqda da mövcud olmasıyla əlaqəli bir şey deyil.

Çox vacib məsələdir ki, Turgenevin qəhrəmanları özlərindən başqa heç kəsi göstərmirlər, onlar daha böyük hadisələrin bir parçası deyillər, dünya təcrübəmizin əsasında dayanan məkan və zamana münasibətdə açıqdırlar.

Bu səbəbdən, Tolstoydan dərhal sonra Turgenevi oxumaq şok təcrübədir, mənzərəyə, insanlara, mədəniyyətə bu qədər yaxın gəlmək, sanki bunlar oxucuunun o gecə getməsi gərək olan yeganə yerlərdir... Bu romanı oxuyanda anladım ki, bütün bu müddətdə atamla bağlı yazmaq istədiyim romana niyə inanmamışam: Mən öz hekayətimi roman formasında deməyə çalışdığım üçün.

Əslində mən ata və oğul münasibətindən deyil, öz atamdan və özümdən yazmaq istəyirdim.

Henrik Ibsen

Mən bir kişinin yaşlı anasıyla birgə yaşadığı evdən yazmaq istəmirdim, Ibsen'in "Ruhlar"ının bir variasiyası kimi, amma konkret bir evdən və onun içindəki konkret reallıqdan yazmaq istəyirdim.

O zamana qədər mən romançı idim, öz həyatımın təcrübəsindən istifadə etmək istərkən onları kamuflyaj edirdim.

O hekayəti yazmağa çalışdığım illərdə bunların heç birini bilmirdim. Mənim üçün yazı prosesi kor və intuitivdir, ya alınır, ya alınmır. Bir romanın necə ortaya çıxıb roman olması haqda rasional şəkildə yalnız o hazır olandan sonra danışa bilərdim. Əsərlər öz-özlərinə alınır və uğurlu olurdu.

Odur ki, 10 illik yazı təcrübəmdən sonra bir gün əyləşib öz başıma gələn, utandığım bir şeyi öz adımı çəkərək yazmaq istəyəndə bilmədim necə yazım.

Nəhayət, onu redaktoruma göndərəndə redaktor bunu “maniakal etiraflar” adlandırdı və mən başa düşdüm ki, ədəbi mənada bunun heç bir dəyəri yoxdur. Amma...

Nəhayət, onu redaktoruma göndərəndə redaktor bunu “maniakal etiraflar” adlandırdı və mən başa düşdüm ki, ədəbi mənada bunun heç bir dəyəri yoxdur. Amma orada nə isə var idi, bunu mən də, o da görürdük.

Nə idi o? Birincisi, orada azadlıq var idi. O yolla getsəydim, sadəcə başıma gələnləri öz adımdan yazsaydım, üslub, forma, ədəbi qurğular, xarakterlər, ton, məsafə kimi məsələlərin hamısı bir anda yox olacaqdı və ədəbiyyatin hörmətli cübbəsi bir anda gərəksiz bir şeyə çevriləcəkdi: mənim işim sadəcə yazmaqdan ibarət olacaqdı. Amma yazı - təkcə belə bir azadlıq deyil, onun əmsalsız təbiəti mənim etdiyim şeyi yasaqlayırdı.

Mən romançı idim, romanlar yazırdım, müəyyən dərəcədə öz həyat təcrübəmdən də istifadə edirdim, onları nəsrin bir hissəsi kimi kamuflyaj edirdim. Romandakı hadisələri reallığa öz təcrübə etdiyim qədər yaxın gətirə bilirdim, amma qələmi götürüb “Mən, Karl Ove”, “qardaşım Yngve”, yaxud “atam Kai Åge” yazmaq heç vaxt başıma gəlməmiş bir şey idi. Belə yazsam, o yazı ədəbiyyat olmazdı, elə deyilmi?

(davamı var)