BMT Suriyaya yardımı artırır

Yardım karvanı Suriyada

-

Fevralın 29-da Suriyada mühasirədə olan şəhərə yardım çatdırılıb. Ötən həftəsonundan ABŞ və Rusiyanın başlatdığı atəşkəs qüvvəyə minib.

Yorğan və gigiyenik ləvazimatlarla dolu 10 yük maşını Dəməşqin cənub-qərbindəki Muadhamiya şəhərinə daxil olub.

BMT bildirir ki, yaranan sakitlikdən yararlanaraq növbəti beş gün ərzində mühasirədə qalan 154 min əhaliyə yardım çatdıracaq.

Daha öncə BMT-nin baş katibi deyib ki, fevralın 27-də atəşkəs qüvvəyə minəndən döyüşlər nisbətən kəsilib.

ABŞ Müdafiə naziri Ashton Carter-in sözlərinə görə, beynəlxalq koalisiya atəşkəs dövründə də İslam Dövləti (İŞİD) qruplaşmasına zərbələri davam etdirəcək.

Rusiya da BMT-nin terrorçu kimi tanıdığı təşkilatlara, atəşkəsə şərtləri çərçivəsində, zərbələri davam etdirdiyini bildirir.