-
Rusiya rəsmiləri fevralın 29-da bildiriblər ki, “Severnaya” Arktika şaxtasında 36 nəfərin ölümünə səbəb olmuş partlayış təbii səbəblərdən yaranıb, yəni səhlənkarlıq, yaxud saxtakarlıq nəticəsi deyil.
Hələlik 10 nəfərin meyiti tapılsa da, 26 şaxtaçı da itkin düşdüyündən öldükləri güman edilir.
Rusiya İstintaq Komitəsi araşdırmaya başlayıb. Bu hadisə 2010-cu ildən bəri kömür sənayesində ən ölümcül qəza hesab olunur.
Baş nazirin müavini Arkady Dvorkovich fevralın 29-da deyib ki, ilkin araşdırma insidentə metan qazının qəfil artmasının səbəb olduğunu göstərir. Bunu isə heç bir monitorinq sistemi önləyə bilməzdi.
Dvorkovich şaxtanın operatoru olan Vorkutaugol-un qaydalara uyğun davrandığını söyləyib. Bu şirkət milyarder Alexei Mordashov-a məxsus “Severstal”ın bir hissəsidir.
Ancaq həmkarlar ittifaqı üzvləri, şaxtaçılar və ölənlərin qohumları fəhlələrin şaxtada metanın səviyyəsindən daha öncədən də narahat olduqlarını bildirir.