İran prezidenti özəlləşdirməyə çağırıb

Hassan Rohani

İran prezidenti Hassan Rohani xarici tərəfdaşları İranda avtomobil sənayesini gücləndirməyə çağırıb və bildirib ki, sektor rəqabət qabiliyyətini artırmaq üçün özəlləşdirilməlidir.

O bunu martın 1-də Tehranda keçirilən beynəlxalq maşınqayırma konfransında deyib.

Rohani deyib ki, avtomobil bazarı özəlləşdirilməlidir və bu sahəyə dövlət dəstəyi əbədi ola bilməz.

Qeyd edək ki, bu ilin yanvarında İrana qarşı beynəlxalq sanksiyalar qaldırıldıqdan sonra Tehran dünya ölkələri ilə iqtisadi əlaqələri gücləndirməyə başlayıb.

Hazırda İranda avtomobil sektorunun təxminən yarısı dövlətin nəzarətindədir.

Fransanın “Peugeot” və “Citroen” şirkətləri ötən ay İranın “Khodro” şirkəti ilə razılaşma imzalayıblar.

Söhbət il ərzində 200 min avtomobil istehsalından gedir.