Norveçi bir-birinə qatmış yazıçı olanları izah edir (2-ci hissə)

Karl Ove Knausgaard

-

Ona yeni Marcel Proust da deyirlər. O da bir zamanlar M.Proust'un etdiyi kimi, nəsr qayda-qanunlarını tapdayaraq, kitablar yazdı. "Mənim mübarizəm" adlı avtobioqrafik 6 cild. Bu kitablar Norveçin və dünyanın ən çox oxunan kitablarından oldu. Bu kitablarda o, nə yazırdı ki belə?

Karl Ove Knausgard

Özüm haqda yazmaq biabırçılığı

Əvvəlini burada oxu!

Belə yazsam, o yazı ədəbiyyat olmazdı, elə deyilmi?

Nəhayət, bunu etdim, nəhəng günahı etdim. Amma yaxşımı etmişdim? Öz adımla yazmaq o demək idi ki, daha sirr pərdəsi olmayacaqdı. Həm də ki, axı mənim həyatım, fikirlərim, elədiklərim, başıma gələnlər kimə maraqlı olacaqdı? Mən heç kəs idim.

Bu, məncə, bütün yazıçılara məlum olan fundamental bir şübhədir; əlyazmanı redaktora göndərmək eyni zamanda həm günah, həm utanc hissi verir adama: mən neynəmişəm ki, başqa bir insan mənə vaxt sərf etsin, yazdığımı oxumağa əziyyət çəksin?

Nəsr ümumilik niqabı geyindiyi üçün dünyadakı nəsr əsərləri yaşamaq haqqına malikdir. Mənim əlyazmam isə belə bir legitimlikdən məhrum idi. Kimin nəyinə lazımdır ki, mən 1980-ci illərdə bir gecə harada Talking Heads qrupuna qulaq asa-asa hansı qar yığınına sidiyimi boşaltmışam?!

"Mənim mübarizəm" kitablarının ingiliscə nəşri

Bu xırda detalları yazmaq ümumiyyətlə, nəyə lazım idi? Əvvəl mən öz həyatımın belə detallarından yazmaq, həqiqəti bu dərəcədə xırdalıqlarına qədər yazmaq istəmirdim. Amma öz adımla yazmaqdan irəli gələn bir çox məsələlər və nəticələr labüd idi.

Öz adımdan yazmaq məni öz dünyama yuvarlatdı, o dünyaya ki, orada əhəmiyyətsiz şeylər və məğzə aid olmayan detallar üstünlük təşkil edir.

O kiçicik gündəlik xırdalıqların hekayətin məğzinə aidiyyatı yox idi, amma o xırdalıqları da yazmalıydım, çünki onlar mənim bir hissəm idi.

Bundan əlavə, inandığım şeyə qarşı səmimi olmalı idim. Normal bədii əsərdə bunu etmək çətin deyil, yazıçı öz sözlərini bir qəhrəmanının dilindən verə bilər. Amma bu cür əsərdə başqa cürdür, məcburam hər şeyi öz dilimdən olduğu kimi yazam.

Qardaşım haqda yazanda məktəb illərində bəzi vəziyyətlərdə ondan utandığımı yazmalı idim. Qardaşımın bunları oxuyacağını bilə-bilə axı bunları necə yazaydım? O, bunları oxuyub nə hiss keçirəcəkdi?

Bu, haqqında yazdığım bütün adamlara aiddir, amma nə edə bilərəm ki, o yazı yazılmalı idi. Başqaları haqda yazarkən məhz bu fikir mənim mənəvi kompasım olurdu: yazı yazılmalıdır. Əndişələr artdıqca daxili vicdan çəkişmələri də artırdı, amma bunlardan qaçırdım.

Karl Ove Knausgård kitabları

Beləliklə, Malmoda (İsveçdə şəhər) bir evdəydim, arvadım, uşaqlarım da evdəydi. Özüm haqqında yazmaqdan keçirdiyim utanc hissilə alışaraq, azadlıq hissindən yanaraq qələmi əlimə aldım.

Çalışırdım kiminsə yazdıqlarımı oxuyacağını ağlıma gətirməyim. Mən özünütənqidə başlamamış, necə axmaq bir roman yazdığımı düşünməmiş, tez kağıza sözlər yazmağa çalışırdım, auditoriyanı, oxucuları düşünmədən, öz otağımda özüm üçün yazmaq bu romanı başa gətirməyin yeganə yoluydu.

Romanın məqsədi onun əsl səbəbi və kökü – atamın ölümü idi, bu, həm də mənim yaza bilməmək səbəbim idi. Birisinin öz həyatından yazmasında ən böyük problem odur ki, sən artıq olmuş şeylərdən yazırsan. Hadisə yalnız baş verdiyi halda həqiqət olur, bu təcrübənin vacib tərəfi mənim bu işin tən ortasında olmağımdır, kənardan yox, içəridən baxıram, ümumi mənzərəni görə bilmirəm, bilmirəm bu hadisələr məni hara aparacaq.

Mən kor-koranə yazırdım, növbəti nə olacağını bilmədən. 16 yaşım olanda baş vermiş bir hadisəylə başladım. Həmin il mən bir dostumla Yeni il şənliyinə getmişdim.

Bu hadisə iki cümləylə deyilə bilərdi: Əlimizə pivə almaq üçün çox əziyyət çəkdik, pivəni əldə edəndə onu bir neçə gün qarda gizlətdik. Nəhayət, şənliyə çatanda bizi içəri buraxmadılar. Bunu iki cümləylə bu şəkildə demək olardı, amma yazımda bu, 100 səhifə çəkdi.

Yaza-yaza bilmirdim nə yazıram və niyə yazıram, indi də bu mənə çox elə aydın deyil: mən həyatı 16 yaşlı məsum oğlanın qarşısına çıxdığı kimi yazırdım, bütün təfərrüatlı banallığı ilə birlikdə, yalnız bunu (16 yaşın Yeni il şənliyi) yazandan sonra atamın ölümü haqda yaza bildim, ölüm haqda bütün təfərrüatlı banallığı ilə birlikdə.

Sonra qardaşımla evə girməyimizi, o evdə gördüklərimizi və orada etdiklərimizi yaza bildim.

Daha yaza bilirdim, çünki indi o hadisələr özlərindən başqa heç bir şeyin təmsilçisi deyildilər, yalnız mənim gündəlik təcrübəmin hissələri idi. Artıq mən Ölüm haqda yazmır, ölüm haqda yazırdım. Ölən adam Ata deyil, papam idi. Qardaşım Qardaş deyil, qardaşım idi.

Roman orada sona çatmalı idi, axı mən atamın ölümünü yazmaq istəyirdim.

Amma o hissə bitəndən sonra nəsə mənə elə gəldi ki, yalnız həyatımın kiçik fraqmentini yazmışam. Artıq fərqli nəqletmə, günbəgün yaşamı çatdırmağa dil tapmışkən, dedim qoy davam edim.

Mən davam etdim, ətrafımda olan bütün həyatı olduğu kimi mətnə salmağa başladım. Ata olmağımı yazdım, çünki bu təcrübə də ölüm kimi mühüm idi və ölümün təbii əksi idi...

Kitabı nəşriyyata göndərəndə 1200 səhifə idi. Onlar təklif etdilər ki, kitabı 12 hissəyə bölsünlər, ilin hər ayı bir hissəsini çıxarsınlar. Yaxşı fikir idi, amma bu mənə Wedding Present rok qrupunun 12 aya 12 mahnı işini xatırladırdı, həm də çox mürəkkəb və riskli olardı, odur ki, bir ilə altı hissə buraxmaq qərarı verdik.

Mən əlyazmanı altı yerə bölməliydim, amma qərara gəldim ki, əvəzində onu iki yerə bölüm, dörd hissə də yazım, qoy altı olsun, bir ilə çıxsın.

Beləcə, özümü uşaqlığıma batırdım, sonra keçdim məktəb illərimə, gəncliyimə, romanın özəyinə - atamın ölümü hissəsinə yaxınlaşdım.

Mənim özüm haqqında yazdığım, realist prozada eksperiment saydığım, başqalarına boz və maraqsız olacağını sandığım kitab Norveçdə bir neçə ay media hadisəsi oldu.

Hadisələr bu qədər uzandığından, atamı bir xarakter kimi tamam dəyişdirdim, ona əvvəlcə yazdığımdan tamam fərqli əhəmiyyət verdim.

Əlyazmanın birinci hissəsini haqqında yazdığım adamlara göndərdim, elə bilirdim bəziləri hirslənəcək, amma elə bir fırtına qopdu ki, beləsinə hazır deyildim.

Atamın ailəsi kitabın çapının dayandırılmasını istədi, aramızdakı münaqişə ictimailəşdi, məhkəməyə düşdü. Bilmirdik məhkəmə nə qərar çıxaracaq, nəşriyyat bir vəkil firması tutdu, firmanın vəkillərinə bütün o adamlar haqda yazdıqlarımı oxutdu.

Mənim özüm haqqında yazdığım, realist prozada eksperiment saydığım, başqalarına boz və maraqsız olacağını sandığım kitab Norveçdə bir neçə ay media hadisəsi oldu. Bütün qəzetlərin ilk səhifələrində mənim şəkillərim idi. Mənəvi debat qızışdı, hamı mənim nə yazdığımı oxumaq istəyirdi.

Onda mən qapılarımı bağladım, qəzetlərə baxmadım, TV, radionu söndürdüm. Dostlarıma və ailəmə dedim ki, mənə heç nə deməsinlər, yazmaq istəyirəm, bir az uğur qazandığım yazı işinə davam etmək istəyirəm.

Jurnalistlər kitablar çıxdıqca haqqında yazdığım hər kəsdən gedib müsahibə istəyirdilər. Onlar dostlarımın evləri qarşısında gecələyirdilər ki, səhər evdən çıxan kimi onları tutub sual versinlər. Qaynanamın qapısını döyür, onu qorxudurdular.

İvan Turgenev

Onlar qaynanamın keçmiş ərinə zəng edir, 80 ildən çox meşədə guşənişin həyat yaşayan bu kişinin Karl Ovenin onun haqqında yazdıqlarına münasibətini bilmək istəyirdilər. Gülməli idi.

Mənim yazdıqlarım düşündüklərim və hisslərim idi, hər adamın həyatında belə şəxsi zona olur, onlarınsa şəxsi zonası mediaya çıxırdı.

Bu seriyanın altıncı kitabı haqqında yazdığım adamların reaksiyaları, medianın reaksiyası, mənə və ailəmə aid idi, 11000 səhifə.

Artıq onun nəşrindən dörd il keçib, dünyanı gəzmişəm, hər yeni ölkədə bu kitabların tərcüməsi çap olunanda ora gedib kitab haqqında danışmışam.

Mən və ədəbi mənim arasındakı sərhəd elə nazikdir ki.

Bir şeyi bilirəm ki, bir də belə bir şey etməyəcəyəm. İndi mənim planım tamam fərqli bir şey yazmaqdır. Bəlkə Rusiya kəndlərinə getdim, görüm Turgenevin tüfəngilə birlikdə oralardan öz addımlarını çəkdiyi vaxtdan bu yana, son 160 ildə nə dəyişib.

The Guardian