Nazir müavini yeni fərmandan danışdı

“Təşviq faizi sahibkarlar üçün əlavə stimul və dəstəkdir”

APA-nın xəbərinə görə, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov ixracın stimullaşdırılması ilə bağlı ölkə başçısının martın 1-də verdiyi fərmanı şərh edərkən deyib.

“İxracın stimullaşdırılması ölkə başçısının həyata keçirdiyi iqtisadi strategiyanın əsas tərkib hissəsidir. Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında bu sahəyə verilən əlavə dəstəkdir. Əsas odur ki, qeyri-neft məhsullarının ixracı zamanı gömrük bəyannamələrində göstərilən dəyərinin 3 faizi dövlət vəsaiti hesabına sahibkarlara ödəniləcək. Təbii ki, bu, sahibkarlarımız üçün əlavə stimul və dəstəkdir”.

Nazir müavinin deməsinə görə, bu tədbir sahibkarların istehsal etdiyi məhsulların rəqabət qabiliyyətini artıracaq.

Prezident İlham Əliyev martın 1-də “Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb. Fərmana görə, hökumət 2020-ci ilin sonunadək qeyri-neft məhsulu ixrac edən sahibkarlara 3 faiz təşviq faizi ödəyəcək.