-
«Fitch» beynəlxalq reytinq agentliyi Azərbaycan İpoteka Fondunun (AİF) milli və xarici valyutada uzunmüddətli kredit reytinqini «BBB-»dan «BB+»a endirib.
«Report»un xəbərinə görə, «Fitch» AİF-in kredit reytinqini Azərbaycanın suveren reytinqinə uyğun təyin etdiyini bildirib.
Fevralın 26-da «Fitch» Azərbaycanın kredit reytinqini «BBB-»dan «BB+»a azaltmışdı. «Fitch» reytinqin endirilməsini ölkə iqtisadiyyatının karbohidrogen ehtiyatları ilə bağlı olması, neftin qiymətinin ucuzlaşması və valyuta ehtiyatlarının azalması ilə izah edirdi.
Azərbaycanın yeni reytinq dərəcəsi – «BB+» «spekulyativ» və ya «zibil» səviyyə hesab olunur. Bu səviyyə sərmayə yatırımı üçün çəkindirici sayılır.
Yanvarın 29-da isə «Standard&Poor's» də Azərbaycanın uzunmüddətli kredit reytinqini «BBB-»dan «BB+»a endirmişdi. O zaman Maliyyə Nazirliyi «Standard&Poor's»in bir sıra qeyri-dəqiqliklərə yol verdiyini və bu qiymətləndirmənin nəticələri ilə razılaşmadığını bəyan etmişdi.
İpoteka Fondu 2006-cı ildə təsis edilib. Vətəndaşları mənzil ipotekaları ilə təmin etməyi nəzərdə tutur.